Son dövrlər ölkəmiz mütəmadi olaraq bütün dünyanı narahat edən problemlərlə bağlı beynəlxalq yığıncaq və forumlara ev sahibliyi edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti Forumun açılış mərasimində iştirak edib. Bu cür forumların Azərbaycanda keçirilməsi Azərbaycan dövlətinə və ölkəmizin başçısı Prezident cənab İlham Əliyevə olan hörmətin və yüksək etimadın nümunəsidir.
Forumda Prezident cənab İlham Əliyevin çıxışı dünyanı narahat edən bir çox məsələləri, eyni zamanda Azərbaycan həqiqətlərini özündə əks etdirirdi. Dövlət başçısı Forumda qeyd etdi ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qalib gəldi. Müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. Ölkə başçısı həmçinin Ermənistana bir sıra mühüm mesajlar verərək münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün bu ölkənin konkret addımlar atmalı olduğunu bildirdi. İndi Azərbaycan sülh haqqında danışır. Sülh, əməkdaşlıq yaratmaq vaxtıdır. Azərbaycan hər zaman sülh və əməkdaşlığın tərəfdarı olub. Dövlət başçısının vurğuladığı kimi, bu gün respublikamız Cənubi Qafqazda barışa, sabit, dayanıqlı inkişafa üstünlük verir və bu məqsəd uğrunda əzmlə mübarizə aparır. Lakin təəssüflər olsun ki, bu münasibətləri Ermənistan tərəfində görmək mümkün deyil. Bu ölkə hətta 2020-ci il 10 noyabr tarixdə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarını belə pozmağa çalışır.
Cənab Prezident eyni zamanda Ermənistanın arxalandığı yarıtmaz Minsk qrupunun fəaliyyətinə də toxunaraq bəyan edib ki, vəzifəsi münaqişəni sülh yolu ilə həll etmək olan bu qurum yarandığı gündən bəri bir addım olsun irəliləyə bilmədi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə həll edilmədi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Təəssüf ki, bunu etmədilər. Minsk qrupunun illərdir etməli olduğu işi Azərbaycan öz gücü hesabına həll etdi. ATƏT-dən mandat alan bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib və buna görə də Azərbaycan Qarabağ münaqişəsini özü həll etdikdən sonra artıq ona ehtiyac qalmayıb.
Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin açılmasının regional sülhün fundamental elementi adlandıraraq, “ermənilər Laçından keçə bilirsə biz də Zəngəzurdan keçməliyik” deməsi ölkəmizin sülh və ədalət tərəfdarı olduğunu göstərməklə, beynəlxalq hüquq normalarına tam uyğundur. Azərbaycana bu əlaqə yolunun təqdim edilməyəcəyi təqdirdə sülh haqqında danışmağın çətin olacağını, Azərbaycanın Ermənistanla birgəyaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səylərin uğursuz olacağını diqqətə çatdıran Müzəffər Ali Baş Komandan “Əgər Ermənistan növbəti müharibə istəyirsə bu onlar üçün fəlakət olacaq” fikri tam reallığı əks etdirməklə, “Dəmir yumruğun” hər zaman hazır olduğunu bəyan edir.
Regional sülhün bərqərar olması üçün Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulması istiqamətində fundamental elementlərdən biridir və dəhliz fəaliyyətə başlamadan sülh danışıqlarından söhbət etməyə dəyməz. Azərbaycanın Ermənistan hökumətinin Zəngəzur dəhlizi ilə bağlı Üçtərəfli Bəyənata əməl etməsinə həm də, işğaldan əziyyət çəkmiş tərəf kimi mənəvi haqqı var. Azərbaycanda yaşayan ermənilərlə bağlı möhtərəm prezidentimiz dəfələrlə qeyd etmiş və təminat vermişdir ki, Azərbaycanın bütün əhalisi kimi burada yaşayan ermənilərin də hüquq və təhlükəsizlikləri Azərbaycan Konstitusiyası ilə nəzərə alınacaq.
Azərbaycan bütün Cənubi Qafqaz regionunda inkişafa, sülhün və əmin-amanlığın yaradılmasına daim səy göstərir. Əgər Ermənistan bu tarixi fürsəti əldən qaçırsa, ən çox uduzan erməni xalqı olacaqdır. Bu halda hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyət də məhz Ermənistanın üzərinə düşəcəkdir.
Samir Ağayev,
YAP Biləsuvar rayon təşkilatının məsul əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir