21 iyun 2022 12:00
747

Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumda 53 ölkədən 400-ə qədər nümayəndənin iştirak etməsi hər şeydən əvvəl dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun təsdiqidir. Xüsusilə də, Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir. Qeyd edək ki, müstəqillik əldə edildikdən sonra Azərbaycan artıq dəfələrlə mötəbər beynəlxalq təbirlərə ev sahibliyi edib, bu tədbirlərin təşəbbüskarı kimi, onların mövzuları düşünülmüş və ardıcıl şəkildə müəyyən olunub. Əlbəttə ki, Azərbaycanın ev sahibliyi etdiyi həmin mötəbər tədbirlər bir qayda olaraq geosiyasi, enerji, mədəniyyət, siyasət, sivilizasiya, din üzrə əməkdaşlığı gücləndirməyə, genişləndirməyə, dialoqa xidmət edir və beləliklə də Azərbaycan özünün xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirir. Məhz elə bu baxımdan iyunun 16-dan 18-nə kimi davam edən IX Qlobal Bakı Forumu təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir beynəlxalq platformadır.

Xüsusilə də, dünya siyasətində xüsusi çəkisi olan bir kontingentin toplaşdığı Bakı Forumuna diqqət Azərbaycana olan maraqdan, həm də Prezident İlham Əliyevin nüfuzuna göstərilən sayğıdan qaynaqlanır. Dövlətimizin başçısı IX Qlobal Bakı Forumunda həm qlobal gündəlikdə duran məsələlər, həm də regionda cərəyan edən proseslər barədə özünün obyektiv mülahizələrini bölüşüb. Prezident İlham Əliyev qlobal təhdidlərin artıq dünyada fundamental dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıraraq, bəşəriyyəti gözləyən təhlükələr barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Dövlətimizin başçısı Ermənistanın 10 noyabr bəyanatı üzrə götürdüyü öhdəlikləri icra etməməsinə və bu xüsusda qarşı tərəfin Zəngəzur dəhlizini açmamaq üçün süni maneələr yaratmaq cəhdlərinə xüsusi diqqət ayıraraq bununla da Ermənistanın bütövlükdə sülh prosesini sabotaj edən tərəf olduğunu faktlarla sübut edib.

Prezident İlham Əliyev işğalçı Ermənistana növbəti mesajını göndərərək bildirib ki, Ermənistan 10 noyabr tarixli Bəyanatın müddəalarına əməl etməlidir və edəcək də»,-deyən dövlətimizin başçısı bildirib ki, indi biz bu proseslə əlaqədar praktiki işlər görməliyik: «Çünki tarixdən də bilirik ki, bəzən hətta Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyanatlar böyük əhəmiyyətə malik olmur. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Biz Ermənistandan da eyni addımı gözləyirik". Prezident İlham Əliyev, həmçinin hələ də status xəyalları ilə yaşayanlara, Minsk qrupunu yenidən diriltməyə çalışanlara da aydın və məntiqli şəkildə yerini göstərib və ATƏT-dən mandat alan Minsk qrupunun 28 il ərzində heç bir nəticə əldə etmədiyini və buna görə də Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmadığını Forum iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, "Azərbaycan qalib və güclü dövlətdir, diktə edən tərəf də odur. Ermənistan da bunu dərk etməli, prosesi ləngitməyə çalışmamalıdır...Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır.

Biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır". Prezident İlham Əliyev, həmçinin üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin zəruriliyini vurğulayaraq deyib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur. Dövlət başçısı əlavə edib ki, "30 illik işğal dövründə Ermənistan xalqı xoşbəxt deyildi, əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınırdı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü... Ona görə də məğlub ölkə 44 günlük İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir". Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, IX Qlobal Bakı Forumu Prezident cənab İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasətinin növbəti təntənəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın qlobal sülhə töhfə verən güc kimi mövqeyini bir daha nümayiş etdirməklə yanaşı, eləcə də dünyanı düşündürən qlobal məsələlərin müzakirəsi baxımından Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq.

Seyfəddin Əliyev, 

YAP Masallı rayon təşkilatının sədri