21 iyun 2022 08:39
909

Enerji təhlükəsizliyi qlobal gündəliyin aktual məsələlərindəndir

IX Qlobal Bakı Forumunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən geniş bəhs edən dövlət başçısı İlham Əliyev  Azərbaycanın enerji resurslarına ehtiyacın artdığını  xüsusi vurğuladı

Azərbaycanın malik olduğu  təbii resurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazanmasına şərtləndirdi.  Hər il ölkəmizdə  Bakı Enerji Həftəsi çərçivəsində keçirilən  tədbirlər Azərbaycanın bu sahədə qazandığı  uğurların, həmçinin qarşıdakı dövrün hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır.  Əsas olan gündəmə gətirilən hər bir enerji  layihəsinin uğurlu sonluqla başa çatdırılması və yeni layihəyə yol açmasıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyasının uğurlarından bəhs edərkən hər zaman bildirilir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, bunlar olmasaydı Cənub Qaz Dəhlizindən danışmaq mümkün olmazdı. Əməkdaşlığın regional çərçivədən başlayaraq getdikcə coğrafiyasını genişləndirməsi, beynəlxalq miqyas alması da deyilənlərin təsdiqidir.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Cənub Qaz Dəhlizinin son tərkib hissəsi olan TAP-ın uğurla başa çatdırılması elə bir dövrə təsadüf etdi ki, dünya, o cümlədən Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirir, ən əsası dünyanın inkişaf etmiş ölkələri belə iqtisadi durğunluq dövrünü yaşayırdı. Dövlət başçısı İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən iqtisadi  islahatların dərinləşdirilməsi ilə yanaşı, heç bir layihənin təxirə salınmayacağını da bildirmişdi. Azərbaycan COVID-19-la mübarizənin qlobal problem olduğunu önə çəkərək səylərin birləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoydu.

Bunları qeyd etməkdə məqsədimiz budur ki, Azərbaycan üzləşdiyi hər bir çətinlikdən uğurla çıxır, ən əsası digər ölkələrin də yaşanan çətinliklərdən az itki ilə çıxmasına dəstək olmağa çalışır. Ölkəmizin pandemiya dövründə  30-dan artıq ölkəyə humanitar və maddi dəstək göstərməsi də deyilənlərin təsdiqidir. Bu müddətdə dövlət başçısı İlham Əliyevin  açılışında və təməlqoyma mərasimlərində  iştirak etdiyi sosial obyektlərə diqqət yetirsək enerji təchizatının yaxşılaşdırılmasına xidmət edən elektrik stansiyalarına xüsusi diqqət yetirilməsinin özünü qabarıq şəkildə büruzə verdiyini görərik. İşğaldan azad edilmiş ərazilərimizdə də  elektrik stansiyalarının bərpası və yenidən tikintisi əsas yer tutur.

Dövlət başçısı İlham Əliyev IX Qlobal Bakı Forumunda da xüsusi diqqət göstərdiyi məsələlərdən biri eterji təhlükəsizliyi oldu.   «Enerji təhlükəsizliyi ilə bağlı bir neçə kəlmə demək istərdim» söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki bu da qlobal gündəliyin aktual məsələlərindəndir. Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır: «Bu il fevral ayının 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və gələcək addımlarımızı müzakirə etdik. Lakın Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpa olunan enerji ilə bağlı Azərbaycanda böyük potensial   var.»

Hər zaman qeyd etdiyimiz kimi,  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri  dövlətlər, xalqlar arasında körpü rolunu oynamaqla yanaşı, həm iştirakçı, həm də dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır.  Dövlət başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki,  bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Bu fikirlər ulu öndər Heydər Əliyevin tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından əvvəl  söylədiyi “Dünya təcrübəsi göstərir ki,  heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin davamı kimi dəyərləndirilir.

30 ildən artıq   müstəqillik tarixinə malik olan Azərbaycanın  qazandığı uğurların miqyasına  diqqət yetirsək  ulu öndər Heydər Əliyevin  “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin bütün dövrlərdə aktuallığını qoruyub saxladığını qeyd edə bilərik.  Azərbaycana artan  maraq, inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say  tərkibinin genişlənməsindən aydın görünür.  Son 18 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi  280  milyard dollara yaxındır. Bu investisiyaların yarıdan çoxunu  xarici investisiyalar təşkil edir. Xatırlasaq, dövlət başçısı İlham Əliyev  2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində də iqtisadi amilin qarşıdakı illər üçün perspektivlərin müəyyənləşdirilməsində  rolunu xüsusi qeyd etmişdi.  “Hesab etmək olarmı ki, iqtisadiyyatın inkişafı üçün yeni mərhələ başlayır. İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına cavab olaraq ölkə Prezidenti bildirmişdi ki, hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Ölkə Prezidenti bu reallığı da vurğulamışdı ki, artıq bu istiqamətdə çox böyük işlər görülüb.

Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüz üçün möhkəm baza formalaşdırıb. “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi imkanlarının artmasına yol açdı.   Azərbaycanın bütün iqtisadi göstəriciləri onu göstərir ki, ölkə dinamik şəkildə inkişaf edir. 2003-cü ildən sonrakı dövrdə qeyri-neft sektorunun inkişafının prioritetliyi  uğurlu neft siyasətinin məntiqi davamıdır.  Dövlət başçısı İlham Əliyev enerji sektorundan asılılığın minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoydu. Cənub Qaz Dəhlizi layihəsinin uğurlu sonluqla başa çatması uğurlarımızın təqdimatı oldu.  Prezident  bildirir ki, bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir.

Bir mühüm məqamı da nəzərə alaq ki, Azərbaycan postmünaqişə dövrünün reallıqlarını yaşamaqla yanaşı, onların beynəlxalq səviyyədə  qəbulu və təqdimatı istiqamətində səylər göstərir və nəticə göz önündədir.  Hazırkı dövrdə bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı olan Avropa İttifaqı ilə ölkəmizin əlaqələrinin inkişaf səviyyəsi məlumdur. Azərbaycan quruma üzv dövlətlərin üçdə ikisi ilə əməkdaşlıq memorandumu imzalayıb. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədində Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək dəyərləndirilir. Əminliklə qeyd edə bilərik ki, postmünaqişə dövrünün reallıqları fonunda regionda və dünyada söz sahibliyini möhkəmləndirən Azərbaycan bundan sonra da yeni-yeni enerji layihələrinin təşəbbüskarı kimi çıxış edəcək və uğurlu sonluqla başa çatmasına nail olacaq.  

Gündəmə gətirilən və uğurlu sonluqla başa çatan enerji layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə həm maliyyə imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla yerinə yetirir. Azərbaycan  bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçirdi.  Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır. Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır. “Əsrin müqaviləsi”nin 20 illiyində  Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması   Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan daim yeni-yeni layihələrin gündəmə gətirilməsinə və icrasına səy göstərir. Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir.  Məhz keçilən  yola söykənərək cənab İlham Əliyev “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində bildirmişdir ki, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var.

Məhz ulu öndər Heydər  Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu nəticəsidir ki, Azərbaycan  işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Tarixi Zəfərimiz dövlət başçısı İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsünün aparılmasına  xidmət edən Fərmanını, eyni zamanda,  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priortietlər»in təsdiqləməsini şərtləndirdi. Bu sənədə əsasən 5 prioritetin reallığa çevrilməsi nəzərdə tutulub ki, bunlar da özündə müasir dövrün çağırışlarını ehtiva edirlər. Hazırda işğaldan azad edilmiş bütün ərazilərimiz müasir tələblər səviyyəsində bərpa edilir. Azərbaycan qısa zamanda «ağıllı şəhər» və «ağıllı kənd» layihələri ilə  dünyada tanınacaq. Dövlət başçısı İlham Əliyev qarşıya bu tapşırığı qoyub ki, bütün işğaldan azad edilmiş  ərazilərimiz müasir yeniliklərə söykənərək bərpa ediməli, soydaşlarımıza  bütün zəruri imkanlar yaradılmalıdır. Hər bir bölgənin malik olduğu potensialdan istifadə etməklə hər ölkəmizin enerji sektorunda qazandığı uğurların miqyasını genişləndirmək, həm də dayanıqlı iqtisadi inkişafını təmin etmək mümkündür. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə günümüzün əsas hədəfləri sırasındandır.

Yeganə Əliyeva, «İki sahil»