21 iyun 2022 02:01
803

Dövlətçilik tariximizin şanlı qürur səhifələri

Heydər Əliyev dühasının Azərbaycan tarixindəki yeri, Azərbaycan xalqının qəlbindəki silinməz izləri ilə bağlı yüzlərlə, minlərlə fikirlər səsləndirmək, tezislər irəli sürmək mümkündür. Onun ölkədə vətəndaş müharibəsi ilə nəticələnməsi şübhəsiz olan proseslərin, seperatçılıq cəhdlərinin, ölkənin iqtisadi-siyasi-sosial çöküşünün, Qərbdən gələn işğal təhlükəsinin qarşısını alması, ölkədə “qanunun aliliyi”  prinsipini təmin etməsi, pərən-pərən olmuş xalqı vahid bir ideologiya altında, azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməsi və saymaqla bitirmək mümkün olmayan yüzlərlə fəaliyyəti mövcuddur. Eyni zamanda, Ulu öndər ölkədə bazar iqtisadiyyatının təşəkkül tapmasında, Azərbaycana xarici investisiyaların cəlb olunmasında, beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsində, xalqın rifah halının yüksəldilməsində çox böyük işlər görmüşdür. Ancaq əminliklə demək olar ki, Heydər Əliyevin ən böyük fəaliyyəti xalqı və dövləti içinə düşdüyü ümidsizlik girdabından çıxarması, gələcəyə inam yaratması idi. Məhz Heydər Əliyevin timsalında Azərbaycan xalqı işğallara, itkilərə, yarıtmaz siyasi rəhbərliyin simasında qanunsuzluqlara, səriştəsizliklərə rəğmən gələcəyə inamla baxmağa başladı. Xalq Heydər Əliyevin ətrafında birləşərək çiçəklənən Azərbaycan ideyasının mümkünlüyünü dərk etdi. Beləliklə, “Heydər Əliyev” adı hər bir azərbaycanlı üçün “xilaskarlıq”, “quruculuq”, “azərbaycançılıq” kimi ali dəyərlərin ifadəsi olaraq tarixə həkk olundu.

Heydər Əliyevdən bəhs edərkən onun milli kimliyə verdiyi fövqaladə dəyər, “azərbaycanlı” kəliməsini “qürur” kəliməsi ilə daima yanaşı olaraq görməsini də vurğulamadan keçmək olmaz. “Ən böyük azərbaycanlı” olaraq xarakterizə edilən Heydər Əliyev hər bir azərbaycanlının milli kimliyi ilə qürur duymasını tərənnüm edirdi. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki mən azərbaycanlıyam” sözləri uşaqdan böyüyə, gəncdən yaşlıya hər bir Vətən övladının xatirindədir. Bu sözlər öz milliyətinə, öz köklərinə bağlılığın, ona verilən yüksək dəyərin ifadəsi idi.

Heydər Əliyevin 1993-cü ildə, yəni Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalının, getdikcə gərginləşən siyasi vəziyyətin, əhalinin gündən-günə ağırlaşan sosial durumunun xarakterik olduğu ən çətin dövrdə siyasi hakimiyyətə qayıtması, bu ağır məsuliyyəti qəbul etməsi əlbəttə ki, onun Vətən sevgisindən irəli gəlirdi. O ömrünün qalan hissəsini öz ölkəsinə, canından daha çox sevdiyi Vətəninə həsr etmişdi. Bu mənada, 15 iyun və 24 iyun günləri tariximiz üçün olduqca önəmli günlərdir. 1993-cü il iyunun 15-də Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inam qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Beləliklə, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün Qurtuluşun rəmzinə çevrildi. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qaldı.

Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirərək öz yolunda əmin addımlarla irəliləyir. Ulu Öndərin siyasi varisi onun tamamlaya bilmədiyi bütün məsələləri tamamlayır. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin öndərliyində Azərbaycanı bundan sonra da daim çiçəklənən, inkişaf edən, öz regionunun lideri olmağa davam edən güclü Azərbaycan gözləyir.

Rauf Əliyev,
Pirallahı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi