21 iyun 2022 01:26
720

Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir

1993-cü ilin iyun təqvimi.Tariximizin ən mürəkkəb və çətin dövrü. Ölkədə hökm sürən xaos və özbaşınalıq, vətəndaş müharibəsinin bir addımlığında olan Azərbaycan. Dövləti və xalqı bu bəladan xilas edəcək, yeganə bir şəxsiyyət var idi. O şəxsiyyət Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev dühası idi. 15 iyun 1993-cü il şanlı tariximizə qızıl hərflərlə yazıldı. Dövlətçiliyimizin yox olma təhlükəsindən qurtluluşu hər bir vətəndaşın qürurla andığı tarixdir. 24 iyun 1993-cü ildə Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə dövlətçiliyimizin bütün sahələrində inkişafa zəmin yaradıldı. Bu gün dünyanın rəğbətlə yanaşdığı qüdrətli və güclü Azərbaycanın əsası qoyuldu.

Bu, bir həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən müasir azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarıdır. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.   

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və genişmiqyaslı işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi. O da qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli və nüfuzlu dövlətə çevrilib. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, bütün sahələrdə qazanılan tarixi və möhtəşəm nailiyyətlər ölkəmizin milli gücünün daha da artmasıını şərtləndirir.

Emin Süleymanov,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri