20 iyun 2022 21:23
567

Azərbaycan xalqının xilaskarı

Həyatının bütün hissəsini xalqına, Azərbaycanın möhkəmlənməsinə və inkişafına həsr etmiş Ulu Öndər  Heydər Əliyev  fitri istedadı,  yaradıcılığı,  müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratdı və ümummilli lider zirvəsinə yüksəldi. Ulu öndərin yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, vətənə, millətə, xalqa sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Ölkədə hakimiyyətsizlik yaranmışdır. Bu vaxt, yəni 1993-cü ilin 24 iyununda Milli Məclis Parlamentin Sədri Heydər Əliyevi dövlət başçısının səlahiyyətlərinin  icrası  üçün qərar qəbul etdi. Bu yaranmış vəziyyət üçün ən düzgün çıxış yolu idi. Müdrik Azərbaycan xalqı  yaxşı bilirdi ki, ölkəni bu bəlalardan Heydər Əliyev kimi dahi bir insan xilas edə bilər.

Hər bir xalqın tarixində yaddaşlarda əbədi yaşayan günləri, gələcəyini müəyyənləşdirən sınaq anları olub. Əsas odur ki, dövlətin varlığını, xalqın taleyini müəyyən edəcək bu imtahan xalqın istəyinə uyğun nəticələnsin. Azərbaycanın müstəqillik tarixində xüsusi yeri olan və hər zaman məsuliyyətli dövr kimi dəyərləndirilən 1993-cü ilin iyun hadisələrinin xronologiyasını nəzərdən keçirməklə deyilənlərə aydınlıq gətirmək mümkündür. Həmin dövrdə respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi –ictimai mənəvi böhran daha da dərinləşmiş, son həddə çatmışdı. Azərbaycanın dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında respublikamız vətəndaş müharibəsi həddinə gəlib çıxmış və onun bəzi bölgələrinin parçalanması real bir hal kimi meydana çıxmışdır. Məhz bu vaxt  Azərbaycanın ağıllı ziyalıları, ümumiyyətlə  , xalqımız Ulu Öndəri hakimiyyəti ələ alıb  dövləti idarə etməyə çağırdı. Ulu öndər Heydər Əliyev xalqın müraciətini dəyərləndirərək xilaskarlıq missiyasına razılıq verdi.

Həmin tarixdən etibarən ölkənin dövlət başçısının səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu. Ulu Öndər Azərbaycanı gözləyən fəlakətlərdən xilas etmək üçün xalqı arxasınca apardı, müstəqilliyimizin əbədiliyi naminə Naxçıvandan başladığı tarixi missiyasını davam etdirdi. Bu etimad artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Dövlətçiliyimizin möhkəmlənməsi xalqın mənafeyinin qorunması naminə biri-birindən əhəmiyyətli qərarlara imza atan Heydər Əliyev Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk gündən ölkəni iqtisadi böhrandan çıxarmağın yollarını müəyyənləşdirən Ulu Öndər respublikada sakitlik və sabitlik yaratdı.  Müstəqil Azərbaycanın müdafiə qüdrətinin güclənməsi üçün ordu quruculuğu ilə bağlı əsaslı islahatlar apardı.

Bir sözlə 24 iyun 1993-cü il tarixdən başlayaraq fəaliyyətini daha da genişləndirən Ulu Öndərin apardığı məqsədyönlü daxili və xarici  siyasəti nəticəsində Azərbaycan bu gün dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir. Ulu Öndərin siyasi  varisi -  Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Heydər Əliyev siyasətini  layiqincə davam etdirir.

Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri