Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək bildirib ki, IX Qlobal Bakı Forumunda müzakirələr həmişəki kimi çox məhsuldar olacaq və öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib. İlham Əliyev qeyd edib ki, yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrında keçirilən Bakı Foruundan bəri dünyanın dəyişməsi aydındır: “Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir”.
Bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli, birgəyaşayış normalarının qorunması, bu mühitdə qazanılmış mənəvi nailiyyətlərin daha da inkişafı, cəmiyyətlərin gələcək tərəqqisi üçün geniş imkanların yaradılması təkcə bir ölkənin bacardığı iş deyil. Bundan ötrü dövlətlərin, cəmiyyətlərin bir araya gəlməsinə, liderlər, tanınmış elm xadimləri, alimlər, dünyanın siyasi, mədəni elitasının nümayəndələri arasında dialoqların aparılmasına ehtiyac var. Bəşəriyyət üçün bu nailiyyətləri yaradan faktlardan biri də ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yanaşdığımız qlobal forumlardır, bu forumlarda aparılan müzakirələrdir, dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir, əldə edilən razılaşmalardır, Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır. Dünya üçün son dərəcə faydalı təşəbbüslərin yerinə yetirilməsi missiyasını öz üzərinə götürərək müxtəlif beynəlxalq tədbirlərə, humanitar forumlara, sivilizasiyalararası dialoq platformalarına uğurla ev sahibliyi edən Azərbaycan bütün dünyada sülhün qorunması, insan təhlükəsizliyi, mədəniyyətlərin təması məkanı kimi tanınıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti Qlobal Bakı Forumu bu tarixi missiyanın davamıdır. Mövzudan da göründüyü kimi, indiyə qədər keçirilmiş ənənəvi forumların hər biri dövrümüzün ayrı-ayrı aktual problemlərinə həsr edilib. Aparılan diskussiyalara, əldə edilən nəticələrə əsaslanaraq bəşəriyyətin bu günü və gələcəyi naminə yerinə yetirilməsi zəruri olan vəzifələr aktuallaşdırılıb və icraya yönəldilib. Dünyanı vahid məkan, bəşəriyyəti isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir.
Bu gün dünya siyasətində Azərbaycanın özünəməxsus yeri var. Qarabağ zəfəri Azərbaycanın dünyada yerini və mövqeyini daha da gücləndirib. Bu Forum vasitəsilə Azərbaycan dünya təhlükəsizlik sisteminə öz töhfəsini verən ölkə olaraq dünyada tanınacaq. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiqləyir.
Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir