20 iyun 2022 14:59
869

Ədalətin və milli iradənin təntənəsi

Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, müstəqil Azərbaycanın qurucusudur. Azərbaycan tarixində Heydər Əliyevin öz yeri, öz dəst-xətti, öz imzası var. Çünki Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın inkişafına sərf edən bu müdrik şəxsiyyət demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır”. Xoşbəxt o xalqdır ki, vətənə sevgisi, xalqa ehtiramı dövlətə sadiqliyi hər bir kəsə örnək olan , zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Bu cəhətdən Azərbaycan xalqı xoşbəxtdir və qürurludur. Müasır Azərbaycan dövlətinin memarı və qurucusu , xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümumilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz , qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir . Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Ulu Öndər Heydər Əliyev hələ Ali Sovetin sədri kimi fəaliyyət göstərən zaman ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Ulu Öndərin qayıdışı ədalətin və milli iradənin təntənəsi oldu. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi.

Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı. Avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.

Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Çətin və şərəfli fəaliyyətində Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.

Müasir, çiçəklənən Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu gün ölkəmizin ən ucqar kəndlərinində belə müasir tipli, bütün tələblərə cavab verən məktəb binaları inşa olunub və olunmaqdır. Belə geniş, işıqlı hər bir cəhətdən təmin olunmuş sinif otaqlarında dərs alan Azərbaycan məktəblisinin qəlbində sevgiylə, məhəbbətlə gələcəyimizə inamla dolu bir guşə vardır. Bu guşə- Heydər Əliyev guşəsidir.

Qəşəng Əliyeva,
Füzuli rayon Qayıdış Qəsəbə 1 saylı tam orta məktəbin direktoru