20 iyun 2022 13:57
1224

Təhlükəsizlik məsələsi beynəlxalq gündəlikdə dayanan əsas mövzulardan birinə çevrilib

“Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi.”

Bu sözləri iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda baş tutan IX Qlobal Bakı  Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxış nitqində söyləmişdir.

50 ölkənin yüksək səviyyəli nümayəndəsinin qatıldığı IX Qlobal Bakı  Forumunun bu göstəricisinin  bir il bundan əvvəlki göstəricidən xeyli çox olduğunu vurğulayan ölkə başçısı bunun səbəbi kimi müzakirələrin cəlbedici olduğunu, bu platformaya ehtiyac olduğunu onun faydalı və mühüm praktik təsiri olduğunu bildirmişdir.

Ötən ilin noyabr ayında “Gülüstan” sarayında keçirilən görüşdən sonra dünyada baş verən dəyişikliklərə toxunan ölkə Başçımız dəyişikliklərin fundamentallığından, hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayət olunmasından, dünyanın fərqli olacağından və artıq fərqli olmasından danışaraq burada təhlükəsizlik məsələlərinin vacibliyinə toxunmuşdur:

“Əlbəttə ki, hər  bir ölkə bu prosesə, ilk növbədə təhlükəsizlik tədbirləri ilə töhvə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərə çevrilib. Eyni zamanda,  mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq  çıxış edir. Bu forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir forumdur və hesab edirəm ki, bu belə də olmalıdır. Çünki  biz hamımız  dünyanı daha da təhlükəsiz etmək üçün  bir birimizlə daha yaxından çalışmalıyıq.”

Müzəffər Ali Baş Komandan Pezident İlham Əliyev ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələləri diqqətə çatdıraraq bu məsələlər üzərində çalışdığını  Qarabağ münaqişəsinin  həllinin regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsət olduğunu bildirmişdir. Bundan əvvəlki görüşdə də işğal, dağıntı və xalqımızın 30 il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsəlyə geniş miqyasda toxunduğunu vurğulayan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə ziyarətçilərin- siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələrinin  erməni işğalından sonra hansı dağıntılara məruz qaldığını öz gözləri ilə gördüyünü vurğulamışdır:

“Biz 30 il itirdik və erməni  işğalı olmasa idi, düşünürəm ki, Cənubi Qafqaz bu gün daha müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola bilərdi.”

Həqiqətən də forumda çıxışı zamanı ölkə başçımız İlham Əliyev cənablarının toxunduğu məsələlər forum iştirakçıları tərəfindən yüksək qiymətləndirilməklə yanaşı, eyni zamanda dünya nizamına təhdid edən mühüm problemlərin aradan qaldırılması, dünyada və regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində öz mühüm töhvələrini verəcəyinə əminəm. Eyni zamanda ölkə başçımızın əvəzsiz daxili və xarici siyasəti  nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda erməni vandalizminin törətdiyi qanunsuz əməllərin dünyanın gözü ilə görünməsi, haqq savaşında ədalətin tərəfimizdən bərpa edilməsi və bununla yanaşı yenə də tərəfimizdən sülh çağırışının olması Cənubi Qafqazda sabit, dayanıqlı inkişafın təmin olunması istəyimizin sübutudur.

Ölkə başçımız tərəfindən bu kimi mühüm məsələlərə toxunulması, qloballaşan dünyamıza nüfuz etməkdə olan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması məsələləri fikrimcə bütün dünyanın təhlükəsizliyinə, sülh və əminamanlıq içərisində yaşamasına, gələcəyin sağlam təminatına bir çağırışdır.

Sevinc Orucova,
Heydər Əliyev adına liseyin direktoru,
Qabaqcıl təhsil İşçisi,