20 iyun 2022 11:23
773

IX Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu başlayıb.

Ölkəmizdə belə mötəbər Forumun keçirilməsi dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir.

Hazırda ölkəmizdə Qlobal miqyaslı tədbir keçirilir. 9-cu dəfədir ki, baş tutan Qlobal Bakı Forumu artıq dünyada nüfuzlu bir platformaya çevrilib. Hər dəfə müzakirəyə çıxarılan mövzular aktuallığı və əhəmiyyəti ilə seçilir. Foruma ildən-ilə göstərilən maraq da artmaqdadır. Dünyanın 53 ölkəsindən 400-ə yaxın ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri bu tədbirdə iştirak edir. Bu, ötən illə müqayisədə kifayət qədər yüksək göstəricidir.

Dövlətimizin başçısı Cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq mərkəzinin təşkilatçılığı ilə reallaşan Forumun bu dəfəki mövzusu da xeyli önəmli məsələdir. Belə ki, hazırda dünyada bir sıra məlum ziddiyyətli proseslər gedir ki, fəsadları getdikcə artrmaqdadır. Təhlükəsizlik məsələləri, ərzaq böhranı, enerji problemi dünya gündəmini bu gün zəbt edib. Belə bir məqamda bu istiqamətdə Forumda aparılacaq müzakirələrin, fikir mübadilələrinin, qəbul olunacaq qərarların faydalı olacağına əminik.

Forumda Prezident İlham Əliyevin çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.

Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhvələrini verməlidirlər. 

“Azərbaycan qalib və güclü dövlətdir, diktə edən tərəfdə odur. Ermənistan da bunu dərk etməli, prosesi ləngitməyə çalışmamalıdır”.

Səltənət Əhmədova, 
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Aparıcı mühəndisi