XX əsr Azərbaycanın siyasi tarixində bir sıra dəyişikliklərin, keşməkeşlərin yaşandığı yüzillik kimi iz qoymuşdur. Çoxlarımızın şahidi olduğumuz 90-cı illərdə baş vermiş hadisələr təzadlı gedişilə yaddaşlarımızdadır. Yetmiş illik müstəmləkənin ardından azadlıq mücadiləmiz, etirazların ardından müstəqilliyimizi qazanmağımız, Qarabağ münaqişəsi, torpaq uğrunda mübarizəmiz, itkilərimiz, ölkədə baş verən daxili çəkişmələr və bu kimi hadisələr həmin illərin real siyasi səhnəsi idi. Azərbaycan bu qarışıq vəziyyətin nəticəsi olaraq yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkədə yaranmış xaos, ermənilərin torpaq iddiaları, siyasi idarəçilikdə səriştəsizlik dövlətçiliyimizi təhlükədə qoymuşdu. Vəziyyəti sistemə salaraq ölkədə stabilliyi təmin etmək üçün isə təcrübəli siyasi təfəkkürə malik rəhbərə ehtiyac vardı. Haqlı olaraq, ölkənin belə ağır zamanında hakimiyyətin rəhbərliyinə dünya şöhrətli siyasətçi Heydər Əliyev gətirildi. Ölkəni bu qarışıq vəziyyətdən çıxaracaq yeganə şəxsiyyət Azərbaycan xalqının Ümummilli Lideri idi.
1990-cı il yanvar hadisəsindən sonra respublikamız üçün çətin günlər yaşayırdı. Məhz belə mürəkkəb dövrdə Ulu Öndər Heydər Əliyev 1990-cı ilin iyul ayında Azərbaycana döndü. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədrlik etmişdir. 1993-cü il hakimiyyətdə yaranmış qarışıqlıq hər kəsin yaxşı yadındadır. Belə vəziyyətdən çıxış yolu tapacaq müdrik şəxsiyyət kimi Heydər Əliyev ölkə rəhbərliyinin dəvəti ilə Bakıya dəvət olundu. O, xalqı bu çətinlikdən çıxaracaq tək siyasətçi olaraq 1993-cü ilin 9 iyununda Bakıya gəldi. 15 iyununda isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev 24 iyunda Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladı. Apardığı düzgün siyasətə inamın göstəricisi kimi Ümummilli Lider 3 oktyabrda Ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş, 10 oktyabrda “Respublika sarayı”nda Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimi keçirilmişdir.
Dünya şöhrətli siyasətçi Heydər Əliyev fəaliyyəti dövründə xalqın inamını doğruldaraq 1998-ci ilin oktyabr ayının 11-də xalqın istəyilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Xalqımız yaşadığı otuz il əvvəlki çətinliklərlə bu gün ölkəmizdə yaşanan stabilliyi, uğurları müqayisə etdikdə baş verən dəyişiklikliyə, irəliləyişə görə Ulu Öndər Heydər Əliyevə borcludur. O, uzaqgörən siyasəti, müdrikliyi ilə Respublikamızı həmin çətin vəziyyətdən xilas etdi.
Bahar Məmmədova,
Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini,
Ərazi partiya təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir