Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.
Bu dəfə Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. İyunun 18-dək davam edən Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.
Qlobal Bakı Forumu həqiqətən də bu gün qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından olduqca aparıcı platformalardan birinə çevrilib. Bu Forumda iştirak edən dövlətlərin, beynəlxalq təşkilatların nüfuzu, mötəbərliyi da bunu deməyə əsas verir. Mözvuların predmeti o qədər zəngindir ki, iştirakçıların hər biri onların daha təfərrüatlı öyrənilməsində və müzakirəsində yetərincə maraqlıdır.
Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı çox maraqlı məqam və mətləblərə toxunub. Dövlətimizin başçısı Ermənistanla münasibətlərin normallaşması prosesi ilə bağlı danışaraq bildirib ki, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik: “Ermənistan cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük. Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçməliyik.”
Prezident İlham Əliyev qeyd edib ki, işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik. Çünki bizə addımların atılması lazımdır.
Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaqdır. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, torpaqlarımızın işğaldan azad edilməsi birbaşa Prezident, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısı İlham Əliyevin bu münaqişəni həll etməsi sözün əsl mənasında dünya üçün yeni səhifənin açılması deməkdir. Azərbaycanın 44 günlük savaşı geosiyasi düzəni müəyyən mənada dəyişib və Prezident İlham Əliyevin böyük siyasi nüfuzunu ortaya qoyub. Eyni zamanda, Azərbaycan xalqının iradəsini, döyüş ruhunu, böyüklüyünü bütün dünyaya çatdırıb. Atəşkəs bəyanatının imzalanması Prezident İlham Əliyevin böyük intellektual və fiziki səylərinin əhəmiyyətli nəticəsidir.
Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var. Bütün bunlara görə Ermənistan Azərbaycanın sülh çağırışlarına adekvat cavab verməlidir.
Qlobal Bakı Forumu həqiqətən də bu gün qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından olduqca aparıcı platformalardan birinə çevrilib. Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir