Müasir Azərbaycan tarixinin təxminən 40 ili məhz dahi şəxsiyyət Heydər Əliyevin adı, onun çoxşaxəli siyasi fəaliyyəti ilə bağlı olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bugünkü hüquqi, dünyəvi, unitar, demokratik Azərbaycan dövlətinin təməli qoyulub.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Belə ki, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən dahi şəxsiyyət Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib.
Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb. Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib.
Ulu Öndərin qətiyyətli iradəsi sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Məhz dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb.
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Ümummilli Liderin böyük xidməti olub. Dahi şəxsiyyət demokratik, hüquqi dövlət quruculuğu yönündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında Əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə Əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.
Ulu öndər Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.
Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycana ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət başçısı İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrilib. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir