17 iyun 2022 23:47
932

Qlobal gündəliyin əsas tələbi: Dünyanı daha da təhlükəsiz etmək üçün yaxından çalışmalıyıq

Dövlət başçısı İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda bir daha təhlükəsizlik məsələlərinin əsas olduğunu diqqətə çatdırdı

“…Dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib.” Dövlət başçısı İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda təhlükəsizlik məsələlərinin vacibliyindən geniş bəhs edərək bildirdi ki, dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.

Müharibədən sonrakı vəziyyət, Azərbaycanın Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmalarını diqqətə çatdıran ölkə Prezidenti ənənəvi keçirilən forumlarda Ermənistanın təcavüzkar siyasətindən, otuz ilə yaxın müddətdə 20 faiz torpaqlarımızı işğal altında saxlamasından, bu ərazilərimizdə törətdikləri vəhşiliklərdən bəhs olunduğunu önə çəkərək builki Forumda ölkəmizin sülh təklifindən, regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün görüləcək tədbirlərdən və sair kimi məsələlərdən bəhs etdi.

Reallıq budur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlib, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan yeni səhifə açaraq gələcəklə bağlı planlarını açıqlamaqla yanaşı, qarşı tərəfdən də bunu tələb edir. Sülh müqaviləsinin imzalanması ilə regionda dayanıqlı inkişafa, günümüzün aktual məsələsi olan təhlüksizliyə nail ola bilərik. Forumdakı nitqində “Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir” söyləyən dövlət başçısı qeyd etdi ki, müharibələr tarixinə baxsaq, bir çox hallarda bu mənzərə müşahidə edilmir: “Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir.”

Azərbaycanın diktə edən tərəf kimi mövqeyinin möhkəmlənməsi ilə yanaşı, eyni zamanda, işğalçı dövlətə belə bir mesajı ünvanlayır ki, artıq keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildə yaşananlar Azərbaycan üçün faciə idi. Torpaqları işğal olunan, bir milyondan artıq vətəndaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan idi. Ermənistan havadarlarının dəstəyi ilə danışıqlar prosesinə imitasiya naminə qatılaraq əlavə vaxt qazanmış, artıq işğaldan azad edilmiş torpaqlarımızı sanki geri qaytarmayacaqları kimi sərsəm fikri özləri üçün reallıq kimi qəbul etmişdilər. Onların bu ərazilərdə qurduqları istehkamlar, Ermənistan silahlı qüvvələrinin ən yüksək texnika ilə silahlanması və sair kimi məqamlar da bunu təsdiq edirdi. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu bu istehkamları yardı, Ermənistan silahlı qüvvələrini diz çökdürdü, torpaqlarımızdan qovdu. Artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Bu reallıqları diktə edən qalib Azərbaycandır. 

Cənab İlham Əliyev Forumdakı nitqində bildirdi ki, Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik. Ermənistan cavab vermədi. Sonra biz daha bir addım atdıq. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü. Bu 5 prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi Azərbaycan tərəfini razı saldı. Lakin əsas olan praktiki addımların atılmasıdır. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyir. Bu addımın atılacağı təqdirdə danışıqlar başlayacaq.

Göründüyü kimi, bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması günün əsas tələbidir. Azərbaycan tərəfi istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə qarşı tərəfə təkmil sülh təklifini edib. Müharibənin getdiyi dövrlərdə Ermənistanın razılığa gəlməməsinin sonda onun hansı dərsi alması ilə nəticələndiyi məlumdur. Tarixi Zəfərimizdən ötən iki ilə yaxın müddətdə işğalçı dövlət yenə də tərəddüdləri ilə diqqətdən kənarda qalmır. Qeyd etdiyimiz kimi, Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Baxmayaraq ki Ermənistan üzdə sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bildirir, reallıqda isə tamamilə fərqli yanaşma müşahidə olunur. Belə ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi məsələsini gündəmə gətirməklə bir daha 30 illik dövrə qayıtmaq istəklərini nümayiş etdirirlər. Amma unudurlar ki, bu gün onların qarşısında qalib Azərbaycan dayanıb. Şərtləri diktə edən Ermənistan deyil, Azərbaycandır. ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyətsizliyi 44 günlük İkinci Qarabağ müharibəsinə gətirib çıxardı. 30 ildə işğalçını adı ilə çağırmaq istəməyən dünya gücləri məsələnin sülh yolu ilə həllinə inam yaratmaqla öz maraqlarını həyata keçirmək üçün vaxt qazandılar. Vasitəçilik missiyalarının nədən ibarət olduğunu unudub neytral mövqe nümayiş etdirmək əvəzinə Ermənistana dəstək missiyasını yerinə yetirən həmsədrlər quruma qarşı etimadsızlıq mühitini yaratdılar.

Eyni ab-hava postmünaqişə dövründə də yaşanır. Azərbaycan ATƏT-in Minsk qrupundan Zəfərin yaratdığı reallıqların həyata keçirilməsi ilə bağlı konkret təkliflər gözlədi. Dünyanın əksər gücləri regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasına, etimad quruculuğu prosesinə dəstək verməyə hazır olduqlarını bildirirlər.

Əvvəldə də qeyd etdiyimiz kimi, şanlı Zəfərimiz dünyanın xarici siyasətində də yeniliklərə yol açdı. Məlum olduğu kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə üç dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə görüşləri keçirilib. Sülh gündəliyinin müəllifi olan Azərbaycan Avropa İttifaqının vasitəçiliyini yüksək dəyərləndirir, sülh müqaviləsinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini təqdir edir. Artıq Ermənistanın dalana dirəndiyi göz önündədir. Ermənistana iki ilə yaxın müddətdə sülh müqaviləsinin imzalanması ilə bağlı şans verilsə də görünür bundan bəhrələnmək fikrində deyil. Amma xatırladaq ki, dövlət başçısı İlham Əliyev belə bir bəyanatı səsləndirmişdir ki, sülh təklifi uzun müddət masa üzərində qalmayacaq.

Cənab İlham Əliyev Forumdakı nitqində də bu məsələyə xüsusi diqqət yönəltdi. “Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir?” söyləyən dövlət başçısı qeyd etdi ki, onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaq və onlar bunu yaxşı anlayır: “Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq. Beləliklə, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər? Bizim mövqeyimiz aydındır, Gürcüstan hökumətinin də mövqeyi aydındır ki, biz dialoq və təmaslara start verməliyik. Ancaq, əlbəttə ki, Ermənistansız bu, mümkün olmayacaq.”

Qeyd edək ki, Azərbaycan 30 il davam edən işğal dövründə də məsələnin həllində bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini bildirirdi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın ikitərəfli, eyni zamanda, çoxtərəfli çərçivədə əlaqələrinin inkişafı göz qabağındadır. Avropa İttifaqının bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylərini artırması həqiqətləri qəbul etdiyini ortaya qoyur.

Azərbaycan istər işğal, istərsə də postmünaqişə dövründə beynəlxalq dəstəklə kifayətlənmirdi. Daxildə ölkənin iqtisadi imkanlarının artırılması, ordu qurculuğu sahəsində biri-birindən əhəmiyyətli addımlar yenə də davamlılığı ilə diqqət çəkirdi. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı bütün sahələrdə uğurlu addımların atılmasını şərtləndirirdi. Ulu öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması vacibdir» tezisi dövlət siyasətinin əsasını təşkil edirdi. Ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhu artdı, torpaq, Vətən sevgisi ilə böyüyən gənclik torpaqlarımızın işğaldan azad olunması üçün əmrə hazır olduqlarını bildirərək bunu əməllərində təsdiqlədilər. Cənab İlham Əliyevin Forumda səsləndirdiyi «Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi. Təbii ki, ən vacib məsələ güclü ordunun olması idi və biz buna nail olduq. Bu, Prezident olaraq mənim üçün illər boyu əsas prioritet olub» fikirləri də deyilənlərin təsdiqidir.

Azərbaycanın tarixi Zəfərində ordumuzun gücü ilə yanaşı, informasiya cəbhəsində üstünlüyümüz də əsas rol oynadı. İşğalçı Ermənistan illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayır, həqiqətləri özünün yalan təbliğatının arxasında gizlətməyə çalışırdı. Münaqişənin diplomatik yolla həllinin mümkün olmadığını bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın bu sərsəmliyinin əksinə olaraq havadarları hərb yolunun mümkünsüzlüyünü qeyd edirdilər. 44 günlük Vətən müharibəsinin reallıqları onların düşüncələrinin yanlışlığını bir daha nümayiş etdirdi. Tarix yazan, ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirdi. Ermənistan hakimiyyəti, eyni zamanda, əsassız təbliğatları ilə ölkəmiz haqqında bu təsəvvürü də yaratmağa çalışırdı ki, Azərbaycan guya dinc əhalini hədəfə alıb və mülki obyektlərə zərbə endirib, beynəlxalq hüquqla qadağan edilmiş silahlardan istifadə edib. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında, müsahibəsində bildirir ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparıb. Hərbçilərimizə verilən ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaq və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı olub.

Mayasında yalan, hiylə və xəyanət olan ermənlər törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edirdilər və bu gün də bu cəhdlər özünü qabarıq şəkildə büruzə verir. Ermənilər və onların havadarları unudurlar ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar birinci Qarabağ müharibəsi dövründə qaldı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, Azərbaycanın əleyhinə təbliğat aparan bir qrup beynəlxalq hüquq müdafiə təşkilatlarının bu gün ölkəmizin, ordumuzun ədaləti bərpa etməsinə öz dəstəyini göstərərək Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdiklərini təsdiqləməsi də diplomatik uğurlarımızın tərkib hissəsidir. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək Dağlıq Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha işğalçı Ermənistana və havadarlarına çatdırdı. 

Bütün bunlara yenidən nəzər salmağımıza səbəb budur ki, Azərbaycan sülh müqaviləsini təklif etsə də yaşadıqlarını unutmur. Amma hazırkı dövrün əsas tələbi regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etməkdirsə, bu addımın atılması mütləqdir. Keşmişlə yaşamaqla irəli getmək, hədəflərə nail olmaq mümkün deyil. Forumdakı nitqində bir daha ATƏT-in Minsk qrupunun fəaliyyətinə diqqəti yönəldən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır: “Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida deyil, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.”

Postmünaqişə dövrünün gündəliyinin formalaşdırılmasında fəal iştirak edən Azərbaycan sabit və dayanıqlı inkişafa malik regionun formalaşmasında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri geniş miqyas almaqla yanaşı, bölgədə yeni əməkdaşlıq formatlarının yaradılması da əsas müzakirə olunan məsələlərdəndir. Keçirilən hər bir Forumun həmin dövrün reallıqlarından irəli gələn məsələlərin müzakirəsinə həsr olunduğunu nəzərə alaraq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, hazırkı müzakirələr vacibdir və hər bir ölkəni narahat edir. Ötənilki Forumda 40 ölkədən nümayəndə iştirak edirdisə, bu il ölkələrin sayı 50-yə çatıb. “Əminəm ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına kömək edəcək” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib.

Hər bir beynəlxalq səviyyəli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından da diqqətdə olur. Azərbaycanın iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Ölkəmizin, dövlət başçısı İlham Əliyevin nüfuzu keçirilən tədbirlərə qatılan iştirakçıların sayının artmasında özünün daha aydın ifadəsini tapır. Forumdakı çıxışlarda da Azərbaycanın, cənab İlham Əliyevin ünvanına səsləndirilən xoş sözlər dövlətimizin həyata keçirdiyi siyasətə dəstəkdə, tarixi Zəfərimizin reallıqlarının qəbulunda özünü təsdiqləyir. Forum iştirakçılarının ümumi fikri budur ki, qədim tarixə malik, müasir şəhər olan Bakıya yenidən gəldikləri üçün şaddırlar və ölkəmizdə sürətli inkişafı görməkdən məmnundurlar.

Yeganə Əliyeva, “İki sahil”