16 iyun 2022 22:09
809

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən tarixi sənəddir

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə dövləti ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatmasına səbəb olub.

Şuşa Bəyannamənin imzalanması Azərbaycan –Türkiyə münasibətlərini yeni müstəviyə çıxarır. Bəyannamədə ölkələrimiz arası əməkdaşlığın çoxşaxəliliyi əsas yer tutur. Burada hər iki ölkənin müdafiə sənayesi, milli təhlükəsizlik məsələləri, iqtisadi, siyasi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potesialların birləşdirilməsi nəzərdə tutulur. İmzalanmış sazişə əsasən Azərbaycanın Silahlı Qüvvələri təkmilləşdirilərək Türkiyə təcrübəsi səviyyəsinə gətiriləcək. Ordumuz birgə təlimlərdə iştirak edərək modernləşdiriləcək və döyüş qabiliyyəti daha da artırılacaqdır. Bəyannamə beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq regional və ümumi miqyasda beynəlxalq sülh, sabitlik və təhlükəsizlik üçün birgə səylərin önəmini vurğulayır. Həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya birgə əməkdaşlığının əhəmiyyəti xüsusi qeyd edilir. Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının müstəqillik, suverenlik, eyni zamanda beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin bərqərar olması, möhkəmləndirilməsi üçün siyasi və hüquqi mexanizmləri özündə ehtiva edir.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, həmin ərazilərdə tarixən yaşamış soydaşlarımızın ərazilərə qayıtması məqsədilə normal infrastrukturun yaradılması üçün lazımi bütün işlərin görülməsi barədə daim tərəflər arasında müzakirələrin aparılacağı və bu sahədə fəaliyyətin dəstəklənəcəyi də qeyd olunmuşdur.

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizlə ölkəmiz ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda yeni reallıq yaratdı. Bu yeni reallıq regionda sülhün və əməkdaşlığın dərinləşdirilməsinə şərait yaratdı. Qafqaz regionu iki qardaş ölkənin Prezidentlərinin təklif etdiyi altılıq platformada əməkdaşlıq edərək inkişaf etmək imkanlarını əldə etmişdir. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Qafqaz regionun dünya üçün əhəmiyyətini artırır. Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi bu əməkdaşlıq imkanlarının realizə olunmasına yol açır.

Şuşa Bəyannaməsi öz əhəmiyyətinə görə region ölkələrinin , o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə və işbirliyinin genişlənməsinə xidmət edəcəkdir

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri