Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsinin ötən il iyunun 15-də Şuşada imzalanması iki dövlət münasibətlərində mühüm məna daşıyır. Regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına əsaslanan belə bir sənədin Azərbaycanın milli Qurtuluş günündə işğaldan azad edilən Şuşada imzalanması dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı idi. Bəyannamə Azərbaycanla Türkiyənin tarixində ən önəmli yer tutan və bir sıra mühüm istiqamətləri əhatə edən geniş bir sazişdir. Mahiyyət etibarı ilə iki dövlətin bundan sonra həm hərbi, həm siyasi, ümumilikdə bugünə qədər mövcud olan münasibətlərini ən yüksək səviyyəyə-müttəfiqlik səviyyəsinə daşıyır. Bu həm də dünyaya Azərbaycan və Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərdi. Dünyada cərəyan edən proseslər, yerləşdiyimiz bölgənin tarixi və bu günü regional güclərin nə qədər mühüm və əhəmiyyətli rola sahib olduğunu göstərir. Bu baxımdan Bəyannamə Azərbaycanla Türkiyəni dünya miqyasında daha güclü mərkəzə, regionda söz sahibinə çevirir. Yaxşı və çətin günlərdə bir yerdə olan iki dövlət bir-birindən güc alaraq həm ölkələri və xalqları, həm də bölgəni böyük hədəflərə doğru aparır. Şuşa bəyannaməsi həm də qardaş və dost dövlətlərin gələcək çoxşaxəli birgə fəaliyyət istiqamətlərinin əksini tapdığı vahid siyasi strategiyadır. Regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən sənəd bölgənin uzunmüddətli inkişaf konsepsiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayır. Qardaşlığın, birliyin, həmrəyliyin ən gözəl nümunəsini sözdə deyil əməldə göstərən Azərbaycan və Türkiyə iqtisadi və enerji imkanlarından, geosiyasi mövqedən istifadə edərək ikitərəfli və regional əməkdaşın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Uğurla reallaşdırılan qlobal layihələr bütünlükdə dünyanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir.
Prezident İlham Əliyevin tarixi əhəmiyyətə malik Qanunu imzalaması ilə isə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldi, hərtərfli əməkdaşlıq istiqamətində yeni üfüqlər açıldı. Bəyannamə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq və dostluq göstəricisi kimi də qiymətləndirilir. Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması iki ölkənin tək millət olmasına növbəti zəmanətdir. İki ölkənin öz təhlükəsizliyini vahid mərkəzdən təmin etməsi regionda sabit hərbi gücün yaranmasına yol açacaq. Ölkələrin ortaq diplomatik strategiya qurması Şuşa bəyannaməsinin beynəlxalq arenada təsirli olması üçün zəruri şərtdir. Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri bütün region üçün sülh və sabitlik mənbəyidir.
15 iyun təqvimi dövlətimizin tarixinə qızıl hərflərlə yazılıb. Çünki bu tarix həm Milli Qurtuluş Günümüz, həm də bir il əvvəl Şuşa Bəyannaməsinin imzalanması günüdür. Azərbaycan və Türkiyə arasındakı qardaşlıq, dostluq münasibətləri bu Bəyannamənin imzalanması ilə rəsmiləşdi və bununla da dünyaya ölkələrimizin birliyini nümayiş etdirdi. Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etmək hər bir azərbayanlıya sonsuz qürur və iftixar hissi yaşadır, gələcəyə inamla və ümidlə baxmağa, Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir.
Şəbnəm Eldarova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir