İkinci Qarabağ müharibəsi sadəcə Azərbaycanın öz hüdudlarını bərpa etməsi, 28 il işğal altında qalan torpaqlarını işğaldan azad etməsi ya da beynəlxalq hüququ öz gücünə bərpa etməsi ilə nəticələnən bir proses deyildi. 44 günlük müharibə həm də regionda tamamilə yeni mənzərənin, yeni reallıqların yarandığı bir vəziyyət idi. Yaranan yeni reallıqlar bir çox yeni situasiyanı da diktə edirdi. Dəyişən geosiyasi konyukturada isə dəyişməyən yalnız bir məsələ var idi. Bu da, müharibədən öncə də, müharibə dövründə də, müharibədən sonra da öz aktuallığını qoruyub saxlayan Türkiyə-Azərbaycan birliyi və qardaşlığı idi. Düzdür, iki qardaş ölkə tarixən həmişə bir-birinin yanında olub. Ancaq müharibə dövründə bu yaxınlıq öz zirvə həddinə çatmışdı. Müharibənin elə ilk anlarında qardaş Türkiyə Cümhuriyyətində hər müstəvidən Azərbaycana yüksək dəstək nümayiş olundu. İstər iqtidar, istər müxalifət, istərsə də xalqın fərqli təbəqələrindən Azərbaycana göstərilən dəstək miqyasa gəlməz dərəcədə böyük idi. Azərbaycan xalqı hər bir sevincində, kədərində, həyəcanında qardaş dəstəyini hiss edirdi. İşğaldan azad olunun hər bir qarış torpağımızın qürurunu türk xalqı da bizimlə yaşayır, Ali Baş Komandanımızın çıxışlarını eyni həyəcanla dinləyirdi. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan müharibənin ilk saatlarında bəyanatla çıxış edərək Azərbaycanın yanında olduğunu bildirdi. Şübhə yoxdur ki, bu çıxış prosesə müdaxilə etmək istəyən ya da Azərbaycana təzyiq etməyə çalışan bir çox ermənipərəst qüvvənin qarşısını kəsmiş və onu geri çəkilməyə vadar etmişdi. Türkiyənin Azərbaycana qardaş dəstəyi müharibədən sonra da davam etdi. Belə ki, azad olunmuş torpaqlarımızın yenidən qurulmasında türk şirkətlərinin rolu kifayət qədər böyükdür. Beləliklə, bu gün əminliklə demək olar ki, Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdəndir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edən səbəblərdəndir. Bütün bunlardan əlavə olaraq, ötən ilin iyun ayının 15-də Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək həddə çatdıran, olduqca geniş həcmli “Şuşa Bəyannaməsi” imzalandı ki, bu Bəyannamə iki ölkənin əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaratdı.
“Şuşa Bəyannaməsi” iki qardaş ölkənin əlaqələrinin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirən olduqca əhəmiyyətli sənəddir. Sözügedən Bəyannamə bir çox məsələləri əhatə edir ki, bunlara kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər bir çox fərqli sahələr daxildir. Bununla yanaşı, sənəddə bundan sonra gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin ifadə olunduğunu görürük. Belə ki, bu tarixi sənəd hər iki ölkənin regionda ümumi maraqlarının qorunması baxımından imkanlarını birləşdirməklə, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirməklə ölkələrimizin regional və beynəlxalq proseslərdə rolunu, nüfuzunu daha da artırmasına səbəb olan tarixi bi sənəddir.
Şuşa Bəyannaməsinin fövqaladə əhəmiyyətə malik olmasının səbəblərindən biri də heç şübhəsiz sənəddə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin öz əksini tapmasıdır. Sənəddə qeyd olunur ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bu, bir daha göstərir ki, iki qardaş ölkə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin dövlət maraqlarının təmin olunmasında dəstəyini nümayiş etdirəcək. Düzdür, Azərbaycan və Türkiyə heç bir ölkəyə, heç bir şərtdə təhdid yarada biləcək fəaliyyətlərlə məşğul olmur. Ancaq kimlərsə bizlərə qarşı belə bir fəaliyyətə cəhd edərsə, hansısa revanşist fikirlərlə bizi hədələməyə cürət edərsə qarşısında iki dövlətin də gücünün olduğunu görəcək. Digər bir tərəfdən də Şuşa Bəyannaməsi həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, tarixi Bəyannamə türk dünyasının birliyinə, regionda sabitliyin, təhlükəsizliyin təminatına, Türkiyə-Azərbaycan dostluğunun yeni strateji istiqamətlər üzrə inkişafına xidmət edəcəkdir. Regionda böyük güc olan Türkiyə və Azərbaycan bundan sonra da daima bir yerdə addımlayacaqdır.
Səkinə Rüstəmzadə,
Pirallahı Tibb Mərkəzi PHŞ-nin əməkdaşı, YAP Pirallahı rayon təşkilatının fəalı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir