“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.”
Bu sözlər adı müasir tariximizə qızıl hərflərlə yazılan, ancaq yeri-göyü işığa qərq edən, qaranlıqları aydınlaşdıran Günəşlə, bir də qartal məskəni, uca göylərə yüksələn zirvə ilə müqayisə etdiyimiz ulu öndər Heydər Əliyevə məxsusdur. Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri, əməlləri ilə ölçülür. Bu mənada ümummilli liderimiz Heydər Əliyev haqqında belə demək mümkündür: O, Tanrının Azərbaycan xalqını sevərək göndərdiyi fədakarlıq simvolu idi. Böyük öndərin yeganə amalı, yaşamaq devizi belə idi: taleyin ona bəxş etdiyi fitri qabiliyyətini, bütün qüvvə və bacarığını, əqli və fiziki potensialını ana yurdu Azərbaycana həsr etmək!
Bəli, ulu öndər Heydər Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. O, varlığı, duyğuları və yanğıları ilə sözün əsl mənasında əsl azərbaycanlı idi. Heydər Əliyevin həyatsevərliliyinin, bitib-tükənməyən həvəsinin təməlində ana Vətən, doğma Azərbaycan dayanırdı. Bu böyük insan köklərə möhkəm bağlı olduğuna görə güclü, qüdrətli idi. Böyük öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur. Dillər əzbəri olan «Xalq-Heydər - Heydər-xalq» deyimi də məhz bu qırılmaz bağlılığın dəqiq ifadəsidir. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub möhkəmləndirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
O, bütün cəhətlərə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Xalqımız fəxr edə bilər ki, onun ləyaqətli övladı Heydər Əliyev hələ sağlığında öz adını dünyanın sayılıb-seçilən görkəmli dövlət xadimlərinin, tarixi simalarının siyahısına yazmış və bununla da hər birimizə başucalığı gətirmişdi.
Buna görə də Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı, ilk növbədə müstəqil Azərbaycanın qurucusu kimi daxil olmuşdur. Onun rəhbərliyi altında keçən illər respublikamız üçün sabitliyin möhkəmlənməsi, iqtisadi çiçəklənmə, nüfuzlu beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə sıx əməkdaşlıq qurulması, əhalinin rifah halının yaxşılaşması illəri olmuşdur.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Azərbaycan xalqı müstəqil Azərbaycanın qurucusu, bu günün səbəbkarı, "Gərək nəbzin Vətinin nəbzi ilə vursun" sözlərinin banisi Ulu Öndərini unutmur və dərin ehtiramla yad edir.
Aygün Əliyeva,
”Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun kadr işləri üzrə mühəndisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir