44 günlük Vətən müharibəsində qazandığımız Qələbə illərlə davam edən Qarabağ həsrətinə son qoydu. Əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağımız öz həqiqi, doğma sakinlərinə qucaq açdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu xalqımıza sonsuz Zəfər sevinci yaşatdı. Bu Zəfər eyni zamanda bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaratdı.
Qələbəni öz gücünə qazanan Azərbaycan dövləti hər zaman sülhün, əməkdaşlığın, qarşılıqlı anlaşmanın, həmrəyliyin carçısı olub.
Postmüharibə dövrü yaranan yeni reallıqlar mühitində də dövlətimiz ədalətli mövqeyini qoruyur, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin nüfuzu daha da yüksəlir. Bu gün Azərbaycan dövləti regionda düşmənçiliyin aradan qalxması, sülhün və davamlı inkişafın təmin olunması üçün təşəbbüs göstərən başlıca qüvvədir. Çünki, erməni terroruna son qoyulması bölgədə ölkələrin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq platformasının yaranmasını zərurətə çevirib. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir.
Vətən müharibəsində ordumuz tarixi ədaləti bərpa etdi və şanlı tarix yazdı. Qarabağda Zəfər qazanmaq üçün yumruq kimi birləşən Azərbaycan xalqının sevincinə sevinib, kədərinə kədərlənən qardaş Türkiyə dövləti oldu. Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Tarixən yağı düşmənə qarşı birlikdə, çiyin-çiyinə döyüşən qardaşlar bu gün də lazım gələrsə, birlikdə döyüşməyə hazır olduqlarını sübut etdilər. Eyni tarixi kökə, ortaq mədəniyyətə malik xalqlarımız arasında qardaşlıq və dostluq münasibətləri gündən-günə inkişaf etməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Qarabağ torpaqlarına gəlməsi, müharibədə əsas cəbhə rolunu oynamış Füzuli rayonunda olması, ölkə başçımız cənab İlham Əliyevlə birlikdə müstəsna tarixi əhəmiyyətə malik “Şuşa Bəyannaməsi”ni imzalaması, səmimi ünsiyyət və münasibət sərgiləməsi Türkiyə-Azərbaycan qardaşlığının əyani təzahürüdür. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Türkiyənin Konsulluğunun açılması bölgədə sülhün təminatına etibarlı əsas yaradır. İki dövlət arasında bütün sahələrdə sıx əməkdaşlıq, dostluq, qardaşlıq ən yüksək səviyyədə inkişaf etməkdədir.
Bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızda geniş tikinti-quruculuq, abadlıq işləri aparır.Həmişə olduğu kimi bu işlərdə də qardaş Türkiyə bizimlədir. İşğaldan azad edilmiş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verməkdədir. Hazırda infrastruktur layihələrin reallaşdırılmasında türk şirkətləri yaxından iştirak edirlər. Bütün bunlarla yanaşı qardaş Türkiyə dövləti bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin tikintisini reallaşdıracaqdır.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yeni nəqliyyat infrastrukturları bölgənin yeni inkişaf dövrünün əsasını yaradır. Bu istiqamətdə işlər azad edilmiş digər ərazilərimiz kimi, Füzuli rayonunda da sürətlə davam etdirilir. Zəfər yolu artıq istifadədədir. Füzuli-Şuşa yolu, magistral yolumuz, eyni zamanda, Horadiz-Zəngilan, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl avtomobil yollarının tikintisi sürətlə davam edir. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə çatdırılacaqdır. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər, beləliklə onlar özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaqdır. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcəkdir.
Əminik ki, Türkiyə-Azərbaycan qardaşlığı gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək və bu münasibətlər regionun, ölkəmizin eləcə də rayonumuzun gələcək tərəqqisində başlıca yer tutacaqdır.
Şamil Bayramlı,
Füzuli RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir