16 iyun 2022 01:07
794

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini yeni müstəviyə yüksəltdi

Yazını qələmə almağa başlayanda, sövqi təbii ilə Prezidentimizin bir cümləsini xatırladım. Deyirdi; “Ddünyada etnik kökləri eyni olan çox sayda xalq var, ancaq heç birinin arasındakı münasibətlər, Azərbaycanla Türkiyə arasında olduğu qədər yaxın və səmimi münasibətlər deyil”.

Səbəbi barədə düşündüm, təhlillər, müqayisələr apardım. Doğrudan da dünyada slavyanlar kimi tanınan rus, ukrayna, polyak, çex, slovak, sloven, xorvat və s. kimi, ərəblər kimi, hətta türkdilli xalqlar kimi tanınan müxtəlif subetnoslar var. Dilləri  yaxındır, hətta dini-konfessional mənsubiyyətləri də eyni olanlar az deyil, amma aralarında əsrlərdir sürən soyuqluq, hətta ədavət var. Buradan bir nəticə çıxır. İsti, yaxın, mehriban münasibətlərin qurulması üçün nə etnik qohumluq, nə dini-konfessional, nə də hətta coğrafi yaxınlıq həlledici rol oynamır. Dilin yaxınlığı, coğrafi qonşuluq, milli-mədəni dəyərlər, ticari əlaqələr, yaxın tarixdəki müştərək məqamlar şübhəsiz ki, önəmlidir, ancaq həlledici deyil. Bu münasibətlərin yaranması üçün ilk növbədə sentiment və stereotiplərdən uzaq, praqmatik ali iradə, qarşılıqlı hörmət və məqsədyönlü fəaliyyət lazımdır.

Şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətlərinin tarixində Qafqaz İslam Ordusu faktoru, Nuru Paşa faktoru da, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” şüarının müəllifi Mustafa Kamal Paşa faktoru da, digər amillər də var və xalqımız bunu untmayıb. Ancaq bunlar ən yaxşı halda  tarixdir, dünya isə hər gün dəyişir.  Dünyamız təlatümlər dünyasıdır, fəlakətlər dünyasıdır.

Bu günkü, qlobal  qarşıdurmalara təsir etmək imkanımız məhduddur, bəlkə də yoxdur, ancaq  özümüzü  qorumaq, ölkəmizi  qorumaq, istiqlalımızı qorumaq borcumuzdur, labüddür. Təkbaşına çətindir, ona görə, dostlarımızı müəyyən etməyi, sayını artırmağı bacarmalıyıq.

Bunun üçün ilk növbədə praqmatik ali iradə olmalıdır. Qarşılıqlı hörmət, sevgi, məhəbbət, təəssüb də yalnız bu iradənin, rəhbər iradəsinin, dövlət  iradəsinin  nəticəsində  məqsədyönlü transformasiya edir.

Bu gün, Azərbaycan-Türkiyə müttəfiqliyi tarixinin dönüş nöqtəsi, qızıl səhifəsi olan Şuşa Bəyannaməsinin bir yaşını qeyd edirik. Bu gün həm də Milli Qurtuluş bayramımızdır, vətənimizin istiqlal tarixinin dönüş nöqtəsinin, ölkəmizin tənəzzüldən, milli dövlətimizin süqutdan qurtuluşunun başlanğıc tarixinin ildönümüdür. 

Bu iki hadisə arasında bir bağlılıq varmı? Əlbəttə var!

Şuşa Bəyannaməsi, Milli Qurtuluş Günü adlandırdığımız epopeyanın davamıdır, deyərdim ki, hətta həlledici mərhələsidir. Ümummilli Liderimizin xilaskar missiyası ilə dövlətimiz necə iflasdan, tənəzzüldən qurtuldusa, onun müqəddəs missiyasını, “Biz bir millət, iki dövlətik” konsepsiyasını davam etdirən müzəffər sərkərdəmiz İlham Əliyevin müəllifi  olduğu Şuşa Bəyannaməsi bu konsepsiyanı keyfiyyətcə  yeni müstəviyə daşımış oldu. Bu gün artıq biz tək deyilik. Zaman-zaman təhdidlərə məruz qalan Türkiyəmiz də tək deyil. İkinci dünya müharibəsindən sonra formalaşmış dünya düzəninin dəyişməkdə olduğu heç kəsə sirr deyil və yeni dünya düzənində layiqli yer tutmaq, etibarlı  tərəfdaşlar qazanmaq  strategiyası, hər iki dövlətin prioritet siyasətidir.

Son 25 ildə ölkələrimiz arasında bütün sahələrdə həyata keçirilən qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu, XXI Əsrin layihəsi adlandırılan və Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri, Trans Adriatik Boru Xətti (TAP) və s. layihələrinin reallaşması da, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhvəsini verməklə, habelə xalqlarımızın rifahının yaxşılaşdırılmasına töhvə olmaqla yanaşı, eyni zamanda iki ölkənin həm regional, həm də qlobal gücünü artırmağa, mövqelərini möhkəmləndirməyə xidmət edən amillərdir.

Bununla belə, Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətləri başqa ölkələrə qarşı yönəlmiş münasibətlər deyil. Yuxarıda adları sadalanmış qlobal layihələrin adından və məzmunundan da göründüyü kimi, bu münasibətlər, həm regional, həm də  qlobal əməkdaşlığı gücləndirən, sülh və əmin-amanlığa, inteqrasiyaya xidmət edən layihələrdir. Bu layihələr, təkcə Azərbaycan və Türkiyənin deyil, Gürcüstan, İran İslam Respublikası, Türkmənistan və hətta Ermənistan üçün də regional təhlükəsizlik və sabitlik, rifah və tərəqqi kontekstində önəmli çağırışlardır.

Doğrudur, Şuşa Bəyannaməsi iki dövlət -  Türkiyə və Azərbaycan arasında siyasi, iqtisadi-ticari, humanitar, mədəni və s. münasibətlərlə yanaşı həm də hərbi müttəfiqliyi nəzərdə tutan bir sənəddir. Lakin bu müddəa hər hansı üçüncü bir dövlətə  qarşı yönəlmiş təhdid yox,  ölkələrimizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qorumağa yönəlmiş müddəadır. Türkiyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü, Ermənistanın tarixi ərazilərimizi işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə etmiş bir dövlətdir və bu bəyənnamə də ilk növbədə iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsinin davam etdiriləcəyinin bəyanıdır. Digər tərəfdən, Türkiyə NATO dövlətidir, türk ordusu NATO standartları əsasında qurulmuş, müasir silah-sursat, hərbi-sənaye kompleksi və təlim praktikasına malik ən güclü ordulardan biridir. Ona görə də ordu quruculuğu prosesi həyata keçirən Azərbaycan üçün, bu qardaş ölkənin təcrübə və imkanlarından yaralanmaqdan  təbii bir  şey ola bilməzdi ki, biz bunun müsbət nəticəsini 44 günlük Vətən Müharibəsində gördük.

Ermənistan, Azərbaycan kimi, Türkiyəyə də düşmənçilik bəsləyən, ərazi iddiaları irəli sürən, terror  və diaspora fəaliyyəti həyata keçirən bir dövlətdir. Ona görə, bizim bu müstəvidə də fəaliyyətimizi birləşdirməmiz, ümumi təhdidə qarşı birgə mübarizə aparmamız zəruri idi.  

Türkiyə “Yaxın Şərq” Geosiyasi Regionunun, Azərbaycan isə Cənubi  Qafqazın ən güclü dövləti, habelə postsovet məkanının söz sahibi olan, nüfuzlu  dövlətidir. Ona görə də bu iki dövlətin müttəfiqlik, dostluq, qardaşlıq əlaqələri  nəinki  öz coğrafiyamızda, eləcə də postsovet məkanı ilə münasibətlərin tənzimlənməsinə, inteqrasiyasına kömək edir, yeni siyasi reallıqlar fonunda bu iki dövlətin sabitlik və sülhün təmin edilməsində rolunu ön plana çıxarır. Bunu biz Ukrayna-Rusiya münaqişəsinin tənzimlənməsində bu iki dövlətin oynadığı rolda da, bizə dost olan İsrail dövləti ilə Türkiyə arasında münasibətlərin düzəldilməsində də, Ermənistanla həm ikitərəfli, həm üçtərəfli münasibətlərin qurulmasın prosesində də müşahidə edirik.

15 İyun 2021-ci ildə  Şuşada imzalanmış bəyannamə, Türkiyə ilə Azərbaycan arasındakı tarixi köklərə, qardaşlığa və həmrəyliyə söykənən, əlaqələrin müttəfiqlik səviyyəsinə qaldırılmasının hüquqi cəhətdən təsdiqi olmaqla, bizim münasibətlərimizi  yeni bir  müstəviyə qaldırdı. Bu müqavilə, xüsusilə müqavilənin iki bəndi – müdafiə sənayesi sahəsində əmkdaşlıq və qarşılıqlı hərbi  yardım barədə  müddəalar - bu dövlətlərin bir-birinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarantı olduğunun bütün dünyaya  bəyanı oldu ki, indiki həssas dövrdə - Qarabağ məsələsi ilə manipulyasiya etmək həvəsində olan bəzi  dövlətlərə  bir  mesaj xarakteri daşıyır.  Bu sənəd, böyük Atatürkün  “Yurdda sülh, cahanda sülh” şüarının böyük Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyası ilə sintezinin təcəllisidir. Bu bəyənnamə, iki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin etməklə yanaşı, həm də gələcək nəsillərə ölkələrimizin və xalqlarımızın  tarixi birliyinin nümayişidir.

Mirsüleyman Mirxaslı, 
YAP Cəlilabad rayon təşkilatının sədri