15 iyun 2022 16:35
834

Qardaşlıq hisslərinə dayanan müttəfiqlik

Dünya tarixinə qısa nəzər salsaq görərik ki, Azərbaycan-Türkiyə dostluğuna bənzər olan ikinci bir nümunə yoxdur. Bu dostluğun tarixi bir bağlantısı var. “Bir ananın iki oğlu” kimi din, dil, adət-ənənə və soykök eyniliyi Türkiyə və Azərbaycan münasibətlərinin əsasını təşkil edən əsas prinsiplərdir. 2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış “Şuşa Bəyannaməsi”nin kökündə Azərbaycan-Türkiyə təbii müttəfiqliyi durur, amma müttəfiqlik bu bəyannamə ilə başlamayıb. Bu birliyin kökündə qardaşlıq hissi dayanmışdır. Bir xalqın digərinə yanaşması sənədlərdə qeyd olunmaqla formalaşmır. İlk növbədə həmin xalqların bir-birinə necə yanaşması, həmin dövlətlərə rəhbərlik edənlərin həmin ölkənin xalqlarına, həmkarlarına necə yanaşmasından qaynaqlanır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, dünyada Azərbaycan Türkiyə qədər bir-birinə səmimi dostluq, qardaşlıq münasibəti bəsləyən digər iki dövləti tapmaq qeyri-mümkündür. Azərbaycan və Türkiyə münasibətləri digər ölkələrin bir-biri ilə əlaqə qurması və inkişaf etdirməsi üçün örnəkdir.

Şuşa Bəyannaməsi Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı, ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Bəyannamə Azərbaycan və Türkiyə arasında ən mühüm əhəmiyyətli sənəddir. .Bu tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı. Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir il göstərdi ki, müttəfiqliyimiz başqa reallığı da üzə çıxarıb. Bəyannamə sayəsində Azərbaycan Silahlı Qüvvələri döyüş potensialını daha da artıracaq, regionda yaranmış yeni reallıqları rəqiblərə həzm etdirmək üçün daha geniş imkanlar əldə edəcək. Bunu may ayında keçirilən "Teknofest Azərbaycan" festivalı da bir daha sübut etdi. Bəyannamə paralel olaraq bütün sahələrdə, o cümlədən Türkiyə və Azərbaycan ordularının imkanlarının birləşdirilməsini və inteqrasiyasını təmin edəcək. Azərbaycanın işğaldan azad edilən torpaqlarında - Qarabağda, Şərqi Zəngəzurda yeni region qurulur və bu regionda Azərbaycanla Türkiyənin iradəsi, istəyi xaricində başqa nəsə reallaşa bilməz. Bunu artıq qlobal güclər, regionun böyük dövlətləri də anlayırlar.

Şuşa bəyannaməsi bütövlükdə Cənubi Qafqazın yeni  təhlükəsizlik konsepsiyası  kimi də qiymətləndirilə bilər, çünki regionda Azərbaycan və Türkiyə müttəfiqliyi prosesləri tam nəzarətdə saxlamağa, ədalətli məcraya yönəldərək inkişaf etdirməyə qadirdir. İki ölkə Cənubi Qafqazda hər zaman təhlükəsizliyi, əməkdaşlığı, sabitliyi təşviq edir, münasibətlərin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qalxması isə regionda sülhə, ümumi rifaha öz töhfəsini verəcək. Bu Bəyannamə gələcəkdə də əhəmiyyətini itirməyərək Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin daim zirvədə olacağının təsdiqidir.

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Mehparə Mansırova,
Bakı şəhəri, Pirallahı rayonu, 168 nömrəli tam orta məktəbin direktoru