15 iyun 2022 16:23
775

Azərbaycan –Türkiyə qardaşlığının rəmzi olan Şuşa Bəyannaməsi

15 iyun tarixi Azərbaycanın müasir tarixində bir çox əlamətdar hadisələri özündə ehtiva edən möhtəşəm bir gündür. Bu gün həm Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı, həm də “Şuşa Bəyannaməsinin” imzalanması ilə tarixə iz salmışdır. Heç şübhəsiz ki, hər iki hadisə də şanlı tariximizdə özünəməxsus yer tutmaqdadır. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın bir dövlət olaraq yox olmasının qarşısını alaraq bugünkü çiçəklənən Azərbaycanın təməlini qoymuşdur. Bu hadisənin Azərbaycan tarixindəki yeri miqyasa gəlməzdir. Eyni zamanda, xüsusilə Azərbaycanın 44 günlük haqq savaşından sonra  regionda yaranan yeni reallıqlar çərçivəsində iki qardaş ölkə rəhbərlərinin iştirakı ilə imzalanan Şuşa Bəyannaməsi də fövqaladə əhəmiyyətə malikdir.

Bu gün birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi ilə bağlı bir çox fikirlər səsləndirmək olar. Ancaq ilk növbədə vurğulamaq lazımdır ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığının dünyaya növbəti və ən güclü formada elanı idi. Bu müqavilə iki dövlətin münasibətlərinin keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoyması və tarixi köklərə malik əlaqələrin ən yüksək səviyyəyə qaldırılmasını xarakterizə edirdi. Xatırlatmaq istərdim ki, Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapmışdı. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə düşmən tapdağından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması isə bu yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümü idi.

Tarixi Bəyannamədə strateji əhəmiyyətli bütün məsələlər öz əksini tapmışdı. Belə ki, ticarət və iqtisadiyyat sahəsində, mədəniyyət, təhsil və gənclər siyasəti məsələlərində əməkdaşlığı nəzərdə tutan bu bəyannamə eyni zamanda hərbi müddəaları da özündə əks etdirirdi. Belə ki, Bəyannamədə hərbi əməkdaşlıq və birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılması kimi müddəalar da yer almışdır. Bununla yanaşı Zəngəzur dəhlizi ilə bağlı konkret ifadələrin də öz əksini tapdığı sənəd sözün əsl mənasında müstəqillik tariximizin ən vacib və geniş məzmunlu sənədlərindən biri idi.

Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun 2021-ci il tarixindən bu gün bizi bir illik zaman kəsiyi ayırır. Ötən müddət ərzində Azərbaycan-Türkiyə qardaşlığı inkişaf edərək davam etdirilmiş, iki dövlətin bir-birinə  dəstəyi maksimal sürətlə artaraq tarixi maksimumuna çatmışdır. Təkcə ötən ay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinə işgüzar səfəri və Türkiyədə möhtəşəm qarşılanma mərasimi, ondan iki həftə sonra ölkəmizdə baş tutan “TEKNOFEST Azərbaycan” festivalında cənab Rəcəb Tayyib Ərdoğanın ailəsi ilə birgə iştirakı, hər iki tədbirdə iki ölkə rəhbərlərinin qardaşlıq mesajlarının dünyaya çatdırılması Azərbaycan—Türkiyə münasibətlərini ən yüksək səviyyədə olduğunun sübutudur. Tam əminliklə deyə bilərik ki, bundan sonra da iki ölkə bir-birinə hər zaman dəstək olacaq və istənilən müstəvidə bir-birinin maraqlarını təmsil edəcək. Ölkə başçımızında daim vurğuladığı kimi, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət yoxdur. Bu qardaşlıq münasibəti dünyada bənzərinə rast gəlmək mümkün olmayan unikal bir müttəfiqlik nümunəsidir. Ötən ilin bu günü rəsmiləşdirilən Şuşa Bəyannaməsi isə bu müttəfiqliyin ən gözəl rəmzidir. Bu Bəyannamə, iki ölkə arasında qardaşlığın, dostluğun, birliyin əbədi olmasını nümayiş etdirməklə yanaşı, bu münasibətlərin bundan sonrakı dövrdə regionda sülhün məhkəmlənməsinə və işğaldan azad edilmiş torpaqların tərəqqisi istiqamətində davam etdiriləcəyi barədə dünyaya verilən mesaj idi. Bir hər birimiz qürur duyuruq ki, Türkiyə və Azərbaycan dövlətləri iki qardaş dövlət olaraq daim bir-birini dəstəkləyir və bir-birinin yanındadır.  Yaşasın Azərbaycan!! Yaşasın Türkiyə!! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

Xumarə Familli,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı