Bir il əvvəl – təqvimin bu günü “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Tarixi Qələbə ilə başa çatmış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi. Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur. Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynamışdır. Hər iki dövlətin liderlərinin səmimi dostluğu dövlətlərarası münasibətlərin daha da inkişaf etməsinə zəmin yaratmışdır. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu səbəbdən Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı və işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.
XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür. Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapması çox mühüm tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
Şuşa Bəyannaməsinin digər bir əhəmiyyəti ondan ibarətdir ki, nəhəng iqtisadi layihələrin gerçəkləşməsi üçün zəruri təminat yaratmaq, bir sıra dövlətləri nəhəng tranzit layihələrin icrasına cəlb etməkdir. Çünki Azərbaycanın təqdim etdiyi iqtisadi əməkdaşlıq modeli regionda sülhün bərqərar olmasında çox effektli mexanizmdir. Zəngəzur dəhlizinin reallaşması isə bütün türk dünyası arasında əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Belə əlaqələrdən hər bir ölkə faydalanacaq.
Şuşa Bəyannaməsi Azərbaycanın II Qarabağ savaşında qazandığı tarixi qələbəsinə kölgə salmaq, erməni separatizmindən məqamı gələndə yararlanmaq istəyən məkrli qüvvələrə və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünə xor baxanlara ciddi mesaj idi. Regiona təhdidlə yanaşan qüvvələr qarşılarında Türkiyə-Azərbaycan əməkdaşlığının yaratdığı möhkəm gücü, hərbi əməkdaşlığı görəcəklər. Gerçəkdən həm əvvəl, həm də son bir ildə iki qardaş ölkənin silahlı qüvvələrinin birgə möhtəşəm təlimləri davam etməkdədir. Bütün bu addımlar hər hansı dövlətə qarşı deyil, yalnız regionda sabitliyin təmin olunmasına hədəflənmişdir.
Seymur Yusibov,
Pirallahı rayonu, 231 nömrəli məktəbin direktor əvəzi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir