Beynəlxalq münasibətlər sistemində iki ölkə arasındakı müttəfiqliyin bir neçə forması var. Əsl müttəfiqlik isə odur ki, o müttəfiqlik özünün bütün elementləri ilə tam olsun. Deməliyik ki, bu tip nümunələr dünyada olduqca azdır.
Azərbaycan-Türkiyə müttəfiqliyi özünün tamlığı baxımından bütün dünyaya örnəkdir. Hər şeydən əvvəl ona görə ki, bu müttəfiqliyin dərin tarixi kökləri var. Eyni zamanda bu müttəfiqlik təkcə dövlətlər səviyyəsində deyil, həm də iki qardaş xalqın birliyidir.
Bu birlik özünü Qafqaz-İslam ordusu 1918-ci ildə Bakını azad edəndə də, Qarabağda erməni cəlladları xalqımıza qarşı etnik təmizləmə aparmaq istəyəndə də, ən əsası isə 101 il əvvəl Qars müqaviləsi imzalananda da göstərmişdi.
Burada Qars müqaviləsini ona görə xüsusi qeyd etmək lazımdır ki, bu müqavilə hələ o zaman ermənilərin ərazi iddialarının qarşısında sədd çəkmişdi. 2021-ci ilin iyununda iki müttəfiq ölkə arasında Şuşa Bəyənnaməsi kimi mühüm tarixi müqavilə imzalanarkən də, məhz Qars müqaviləsi cari müqavilə üçün istinad nöqtəsi olmuşdu.
Bu sənədin əsas tarixi-strateji əhəmiyyətlərindən biri də odur ki, sənəddə ilk dəfə "Zəngəzur dəhlizi" ifadəsi işlədilib. Həmçinin, dəhlizin açılması ilə əlaqəli bir sıra vacib məqamlar yer alıb. Eləcə də bu sənədin imzalanması 44 günlük Vətən müharibəsindən sonra yaranmış geosiyasi vəziyyətdən ölkələrimizin inkişafı üçün istifadə etməyə şərait yaradır. Artıq beynəlxalq hüquq normalarına uyğun şəkildə iki qardaş ölkə təhlükə yaranarsa, bir-birinə istənilən formalı dəstək göstərmək iqtidarındadır. Buna əsaslanıb demək olar ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Bundan sonra da bu sarsılmaz dostluq yaşayacaq, inkişaf edəcək və ölkələrimizi daha da güclü edəcək.
Leyla Fətəliyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ƏPT-nin sədr müavini
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir