15 iyun 2022 10:27
795

Xalqa və dövlətə xidmət nümunəsi

15 iyun – Milli Qurtuluş Günü haqqında düşünəndə Heydər Əliyevin Xilaskar obrazının təcəssüm tapdığı parlaq şəxsiyyəti üzərində dayanmalı oluruq. Heydər Əliyevin 40 illik siyasi fəaliyyəti bu gün azad, müstəqil, böyümüş, yenidən qurulmuş və ən əsası, Zəfər çalmış Azərbaycanımızın əsasını təşkil edir. Çünki Heydər Əliyev o liderlərdən oldu ki, nəinki xalqın qurtuluş, yenidən var olma qüdrətinə imza atdı, həmçinin millətinin həyatını sivil, modern dünya düzəninə uyğunlaşdırmağa nail oldu. 20 sent­yabr 1994-cü il “Əs­rin mü­qa­vi­lə­si”ndən uğur­la baş­la­yan bu yol sonradan çox böyük strateji əməkdaşlıqların əsasını qoydu. İlk dəfə olaraq dünyanın föv­qəl və re­gio­nal döv­lət­lə­ri onun siyasəti ilə uyğunlaşmağa məcbur oldular, Azərbaycan dünyanın nəhəng dövlətləri ilə eyni sırada, eyni hüquqda dayandı və buna nail olmaq üçün Heydər Əliyevin dərin zəka və dünyagörüşü kifayət etdi.

Bu gündən geriyə baxanda – hər şeyə müqayisə yolu  ilə nəzər yetirəndə 1990-cı illərin xaos və kataklizm dumanında milli müəyyənliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın həyatında Ümummilli lider Heydər Əliyevin hansı ölçüdə, böyük miqyasda rol oynadığı daha aydın və səhih boyalarla təhlilə gəlir.  

1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Hakimiyyət insanı oyuncağa çevirir, siyasi hərc-mərclik içində çabalayan respublikanın müqəddəratı müəyyən maraqların, mənafelərin güdazına verilirdi. Xalq həm daxili oyunların, həm də xarici siyasətin vintciyi, təkərciyi olmaq haqqından imtina etmək səviyyəsinə yetmişdi artıq. Öz haqqının sahibi olmaq  zamanı çatmışdı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan olundu. Amma bu o qədər də asan başa gəlmədi. Bunun üçün millət 1990-cı ilin 20 Yanvarında yaşadığı qanlı faciə ilə imtahanı verdi.

Ümumən, XX əsrin sonlarında Azərbaycanda baş verən proseslərə - xaos və kataklik olaylara, müharibə və savaşlara, siyasi çəkişmələr və oyunlara, terror hadisələri və Xocalı soyqırımına yalnız lokal bir cəmiyyətin problemi kimi yanaşılmır, bu böhran həddi dünya səviyyəsində gedən xaos dalğasının təzahürü olaraq qavranılırdı. Dünyanın bir tərəfində milli-etnik münasibət gərginləşir (1989-cu ildə Fərqanədə ahısqa türklərinə qarşı törədilən cinayətlər və onların küll halında köçürülməsi, 1990-cı ilin iyun ayında Qırğızıstanda qırğız-özbək qarşıdurmasının yaranması, Krımda Krım tatarları ilə ruslar arasındakı qarşıdurmalar, Moldovada Dnestryanı Moldova Respublikası məsələsinin ortaya atılması), digərində ərazi iddiaları baş qaldırır (80-ci illərin sonlarında Ermənistanın Dağlıq Qarabağ və Naxçıvanla bağlı ərazi iddiaları qaldırması), başqa bir tərəfdə milli azadlıq (Cənubi Osetiya və Abxaziya arasında, Şimali Osetiyada, Çeçenistanda... azadlıq və torpaq uğrunda gedən mübarizə), demokratiya uğrunda mübarizə (18 mart 1990-cı ildə kapitalist rejiminin hökm sürdüyü AFR ilə sosialist yönlü ADR-ın birləşməsi, 21 noyabr 1991-i ildə Makedoniyanın Yuqoslaviyanın tərkibindən çıxmağa müvəffəq olması, eləcə də1988-1989-cu illərdə Polşada, Çexoslovakiyada, Macarıstanda demokratiya tələbləri ilə keçirilən mitinqlər, tətillər) kəskinləşirdi. Azərbaycan insanı üçün lokal olaraq yaşadığı hadisələrin miqyası da hüdudsuz, yetərincə miqyaslı idi: 1980-ci illərin sonlarında baş verən Sumqayıt hadisələri, Qarabağda kəskinləşən münasibətlər - jurnalist Salatın Əsgərovanın, Çingiz Mustafayevin həlak olması, 1990-cı ilin 20 Yanvarında törədilən qırğın, 1991-ci ilin noyabrındakı vertalyot qəzası, 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı. Milli müstəqilliyini elan etmiş Azərbaycan Respublikası eyni zamanda yalnız Qarabağ probleminin məngənəsində var-gəl etmir, ölkə miqyasında qabaran başqa olayları dəf etməyə çalışırdı: 1993-cü ilə qədər aparılan hakimiyyət çəkişmələri, siyasət oyunları, ölkədə yaranan hərc-mərclik, milli-siyasi qarşıdurmadan törənən Gəncə hadisələri, hadisələrin vətəndaş müharibəsi səviyyəsinə çatması obyektiv mənzərəni təfərrüatı ilə anlamağa kifayət edir.

Keçid dövrünün ovqatı böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyanın nəticəsi kimi pərvəriş tapırdı. Mədəniyyət və ənənəvi dəyərlər gözdən salınır, neçə onilliyin ədəbiyyatı nihilist yanaşmaların güdazina verilir, profanlaşma artır, elmin surroqatla əvəzlənməsi prosesi başlanırdı. Azərbaycan insanı da öz müstəqilliyini yaradan, postsovet məkanı kimi özgürlüyünü yaşayan xalq olaraq həm keçid dövrünün, həm də dünya səviyyəsində mövcud xaotik mərhələnin yükünü və ağrısını daşımağa məcbur edilmişdi. Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Nəhayət, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə siyasi qarşıdurma aradan qalxdı, Azərbaycan-Ermənistan arasında atəşkəs rejimi elan olundu, bütün sahələrdə sabitlik hökm sürməyə başladı. Xalq şairi Məmməd Araz o illərdə yazırdı: "Prezidentin müdrikliyi ondaydı ki, o, özünü itirmədi, gecikmədi; xalqın sərvaxtlığı ondaydı ki, o, qəfildən ayağa qalxdı və çevikliyini saxladı. Yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi".

Bəli, milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra Dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi. Dövrün qarışıqlığı - ölkədə hökm sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri və ardınca Heydər Əliyevin hakimiyyətə gəlişi. Bu yalnız hakimiyyətə qayıdış deyildi. Bir zaman görülən işlərin, bütün senzura və stereotiplərin üstündən adlanıb meydana qoyulan əməllərin bütövlənməsi, yenidən dövriyyəyə gətirilib tamamlanma şansı idi. İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş Seçilmişinə həvalə etdi.

Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, dosent