44 günlük müharibədən sonra regionda yeni reallıqlar yaranmışdır. Azərbaycanın qazandığı parlaq zəfər ölkəmizin ərazi bötövlüyünün bərpa olunması ilə nəticələndi. Hazırkı şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə dövləti ilə münasibətləri möhkəmləndirməsi xüsusi əhəmiyyətə malikdir. Xatırladaq ki, bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatmasına səbəb olub. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığın nəticəsidir. Azərbaycan qələbənin diplomatik sahədə gücləndirilməsi, münasibətlərin genişləndirilməsi üçün mühüm addımlar atır. 15 iyun 2021-ci il tarixində qardaş Türkiyə ilə Şuşa bəyannaməsinin imzalanması da strateji fəaliyyətin nəticələrindən ən mühümüdür. 2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.

Yüz il əvvəl- 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Bu müqavilədən sonra Şuşa bəyannaməsinin imzalanması iki dövlət arasındakı strateji müttəfiqlik münasibətlərinin təzahürüdür. 2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi. Şuşa Bəyannaməsinin Milli Qurtuluş Günündə, həm də Şuşada imzalanmasının da böyük mənası var. Bu, ilk növbədə ərazi bütövlüyü təmin olunmuş müstəqil Azərbaycanın və onun rəhbərinin müstəqil siyasətinin bariz nümunəsidir. Bu gün dünya miqyasında dost və qardaş dövlətin güc mərkəzi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, nəinki yerləşdiyi bölgədə, dünyada Türkiyənin iştirakı olmadan heç bir məsələ öz həllini tapa bilmir və yaxın tarix bunu göstərdi. Mühüm tarixi və siyasi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlmiş və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur.
Azərbaycanın Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi, birliyi, qardaşlığı və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik və bölgənin gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı. Bu tarixi hadisə ölkələrimiz arasında olan münasibətlərin bundan sonrakı mərhələdə daha da genişlənməsinə səbəb olacaqdır.
Ayaz Cəbrayılov,
YAP Kürdəmir rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir