14 iyun 2022 17:58
748

Ulu Öndər dövlətçiliyimizi xilas etdi

İyunun 15-i xalqımız üçün Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasını və möhkəmlənməsini təmin edən ulu öndər Heydər Əliyevdir.

Xalqımız illərlə arzusunda olduğu və 1991-ci ildə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyət böhranı, xaos, özbaşınalıq, anarxiya respublikanı bürümüşdü. Müqəddəs və əzəli torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Belə bir çıxılmaz vəziyyətdə bütün Azərbaycan vətəndaşları əmin idi ki, xalqımızı düşdüyü mürəkkəb vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilər. Ulu Öndər yaranmış çətin anda dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtdı və ölkəmizi dərin böhrandan, vətəndaş müharibəsindən, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Həmin gün sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu, böyük Qurtuluşa doğru mühüm addım atıldı. Bununla da Ulu Öndərimiz dövlətçiliyimizi xilas etdi. Heydər Əliyev ilk öncə vətəndaş müharibəsinin qarşısını alaraq qısa müddət ərzində ölkəni yaranmış ictimai-siyasi böhrandan çıxardı, qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesini sürətləndirdi və dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə  xidmət  edən müstəsna addımlar atdı.

Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında dəfələrlə xarici və daxili düşmənlərimiz tərəfindən dövlət çevrilişlərinə cəhdlər olunsa da, ulu öndər Heydər Əliyev bu cəhdlərin qan tökülmədən, müdrik və uzaqgörən, real, təmkinli və inamlı siyasəti ilə qarşısını aldı, vəziyyəti xalqın xeyrinə dəyişdi. Ulu Öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu. Azərbaycanı inkişaf edən, tənəzzüldən tərəqqiyə, vətəndaş müharibəsi olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevirdi. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan Ümummilli Liderimiz qısa zamanda demokratik əsaslara malik dövlətin əsasını qoymaqla, misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu ilə tariximizin parlaq səhifələrini yazdı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar həyata keçirdi.

Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması, şəffaf məhkəmə-hüquq fəaliyyətinin formalaşması, neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi yolunda atılan mühüm addımlar respublikamızda hərtərəfli inkişafın təməli oldu. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək, xalqımızın 30 illik doğma yurd–yuva həsrətinə son qoydu. Bu gün həmin ərazilərdə bərpa–quruculuq işləri sürətlə davam edir, yeni infrastruktur yaradılır. Ölkədə bütün sahələr üzrə davamlı inkişafa nail olunur.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri etmişdir. Ümummilli lider Heydər Əliyevin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı bu istiqamətdə atılmış mühüm addımlardan biridir.

İllər ötəcək, nəsillər dəyişəcək, amma müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq, heç zaman unudulmayacaq. 

Dahi öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. 15 İyun - Milli Qurtuluş Günü  Azərbaycan  tarixinə qızıl hərflərlə həkk olunaraq şərəfli  bir  tarix kimi xalqımız  var olduqca  yaşayacaq.

Qumru Əliyeva,
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi