14 iyun 2022 20:21
836

Türkiyə-Azərbaycan birliyinin simvolu

Ulu öndər Heydər Əliyevin 29 il əvvəl 15 iyunda ikinci dəfə hakimiyyətə qayıdışı dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri kimi yadda qalıb. Artıq bir ildir ki, 15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrilib.Şuşa Bəyannaməsini Qarabağın azadlığının rəmzi də adlandırmaq olar.Bu baxımdan da bir il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətni xüsusi olaraq qeyd etmək lazımdır.

Ermənistanın Türkiyəyə qarşı əsassız iddiaları və tarixi təhrif etmək cəhdlərinin regionda sülh və sabitliyə xələl gətirdiyi vurğulanan bəyannamədə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizinin, Naxçıvan-Qars dəmir yolunun açılması da nəzərdə tutulur. Eyni zamanda bəyannamədə tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri qeyd edilib.

Əslində, iki dövlət arasında olan dostluq münasibətlərinin tarixi daha daha qədim dövrlərə gedib çıxır. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.

Cənab Prezident İkinci Qarabağ müharibəsində Türkiyənin rolunundan bəhs edərkən demişdir: “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi başda Ermənistan olmaqla yanaşı bir çox ikili siyasət yeridən dövlətlər üçün çox ciddi bir mesaj idi.Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu.Həmin vaxt-haqq savaşımızda Türkiyənin siyasi rəhbərliyi açıq və birmənalı bəyanatlar səsləndirərək, Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Təbii ki, bu da gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. O cümlədən müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-bərpa işlərində ən fəal şirkətlər məhz qardaş ölkənin şirkətləri oldu. Həmin şirkətlər bu gün də o ərazilərdə öz işlərini şərəflə yerinə yetirirlər.

Azərbaycan-Türkiyə əlaqələri,həmçinin bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi mühüm strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı qüvvələrdir.Çünki beynəlxalq təşkilatlarda da müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Türkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür.

Güclü ölkələrə dünyada münasibət də müsbət olur.İki güclü qardaş dövlətin birliyi dünya dövlətləri üçün də bir nümunədir.

Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir.

Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri