14 iyun 2022 11:17
2105

Gültəkin Hacıbəyli hikkəsindən Azərbaycanı təhqir edərək “zombieland”  adlandırdı

Azərbaycanın hər uğuruna kölgə salmağa çalışan, ölkədə keçirilən istənilən beynəlxalq əhəmiyyətli yarışlara  qarşı gözdənsalma kampaniyası aparan radikal müxalifət Formula 1 yarışları ilə də bağlı qara piar aparmaq cəhdlərindən əl çəkmədilər. Özünü müxalifət adlandıran radikal kəsmin hərəkətləri, yarışların keçirilməsinə qərəzli münasibətləri əminliklə deməyə əsas verir ki, bu adamlar Azərbaycanın hər uğuruna qısqanır, düşməndən fərqli olmayan yanaşma sərgiləyirlər. İstənilən beynəlxalq yarış, lap deyək ki, sıradan bir tədbir keçirilərkən belə, hərəkət istiqamətinin dəyişdirilməsi, adi günlərdən fərqli qrafkin tətbiqi kimi müəyyən məhdudlaşıdırıcı tədbirlər görülür. Bu hal bir Azərbaycana aid edilə bilməz. Bütün dünyada bu belədir. Demək istədiyim odur ki, müvəqqəti narahatlıq hər bir tədbir zamanı istənilən ölkədə yaşanır və bu təbii haldır.

Radikal müxalifətin hər cəhdlə gözdənsalma kampaniyası aparmağa çalışdığı Formula 1 yarışlarının Bakıda keçirilməsi isə ölkəmiz üçün böyük uğurdur. Bu eyni zamanda, Azərbaycanın iqtisadi və infrastruktur baxımından inkişafının göstəricisidr. Əks halda Formula 1 Azərbaycanda keçirilməzdi. Bu yarışların Azərbaycanda keçirilməsi ölkəmizin təbliğatı və turizm sektorunun inkişafı üçün də mühüm əhəmiyyətə malikdir. Təbliğat demiş, builki Formula 1  Azərbaycan Qran Prisi qaliblərinə təqdim olunan kubok ölkəmizin mədəniyyət paytaxtı Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunmuşdu. Belə ki, yarışın rəsmi mükafatı Şuşa şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini özündə əks etdirir. Bəli, budur uğur, budur təbliğat! Budur, Azərbaycan həqiqətlərinin uğurlu təbliğatı! Ancaq nədənsə belə bir məqamda, məhz həmin kubokun təqdim olunduğu gün özünü xalq, ölkə, Vətən təəssübkeşi adlandıran Gültəkin Hacıbəyli Formula 1-in ölkəmizdə keçirilməsi ilə bağlı paylaşım edir və həmin paylaşımında Azərbaycanı təhqir edir. Təsəvvür edirsiniz? Vətəndaşı olduğu ölkəni, ölkənin adını təhqir etmək! İnsan nə dərəcədə mənəviyyatdan uzaq, cılız düşüncə sahibi olmalıdır ki, öz ölkəsini təhqir etsin?! Bəli, bu yaramaz hərəkəti Gültəkin Hacıbəyli edib. O utanmadan Azərbaycanı “zombieland”  adlandırıb. Hesab edirəm ki, bu, ölkəsini sevən hər bir şəxs üçün təhqirdir və Gültəkin Hacıbəyli Azərbaycanı sevmədiyi üçün  bu yaramaz əməlindən narahat olmur. Belə olan halda, indi kimsə bir nəfər çıxıb Gültəkin Hacıbəylinin ad və ya soyadında – “Kültəkin”, “Güllü təkər” “Hacıleyləkli” və sair formada kreativ bir  dəyişiklik etsə necə, Gültəkin Hacıbəyli narahatlıq keçirib, özünü təhqir olunmuş hiss edər, yoxsa yox?!

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı