13 iyun 2022 20:10
799

Şuşa bəyannaməsinin tarixi-siyasi əhəmiyyəti

Qələbəmiz 44 gün ərzində Azərbaycan əsgərinin şücaəti sayəsində qazanıldı. Qarabağın tacı olan Şuşanı azad etmək isə ayrı bir qürur idi. Artıq əfsanələri Şuşa reallıqları əvəz etdi. Hər kəsin qəlbi bu torpaqların qayasında döyünürdü. Artıq onun adıyla bağlı olan hər bir hadisə tariximizin şanlı səhifələrinə yazılır.

Məhz buna görə də bizə hər zaman dəstək olan qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması heç də təsadüf deyil. Məhz Qarabağın döyünən ürəyi olan Şuşa şəhərində imzalanmış bəyannamə Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişafı üçün böyük təkandır. "Bir millət, iki dövlət" deməyimiz tarix boyu sıx əlaqələrimizin daha da davamlı olması üçün bir zəmin idi əslində.

Bəs niyə bu müqavilə məhz Türkiyə ilə imzalandı?

Dilimiz, dinimiz, millətimizin eyni olduğu bir ölkə ilə masa arxasında belə razılığın əldə olunması əslində labüd bir hadisə idi. Lakin digər əsas fakta da nəzər salaq. Qarabağın işğal altında olduğu 30 il ərzində bizi biz olmayan yerdə kim müdafiə etdi? Əlbəttə ki, Türkiyə. Azərbaycana qarşı işğalçılıq siyasətindən geri çəkilmədiyinə görə Ermənistan ilə sərhədi bağlayan da Türkiyə dövləti oldu. Siyasi arenada hər zaman bizi dəstəkləyənlər də Türkiyə diplomatları idi. 44 günlük "Dəmir yumruq" əməliyyatı başalayanda Ermənistana və onun havadarlarına qarşı ədalətli və sərt mövqe ortaya qoyan da Türkiyə dövlət və onun prezident Rəcəp Tayyib Ərdoğan idi.

Şuşa Bəyannaməsinin nəinki Azərbaycan və Türkiyə, bütün dünya tarixində böyük siyasi, ictimai əhəmiyyəti var. Prezidentimiz İlham Əliyev hakimiyyəti illərində atdığı hər bir addımın düşünülmüş və məqsədyönlü olduğu artıq dünyaya məlumdur. Şuşa Bəyannaməsi də bir günə hazırlanmış, razılığa gəlinmiş sənəd deyil. Bu, ilk öncə XXI əsrdə dünyaya qardaşlıq, dostluq və sülhün mesajıdır. Demək olar ki, dünya bir neçə il öncə müharibənin astanasında idi. Amma bu gün Avropa müharibənin tam ortasındadır. Bütün dünyaya "dərs" verən ölkələr indi müharibə mərkəzinə çevrilib. Lakin Azərbaycan, torpaqlarının işğalına 30 il dözən və bu münaqişəni yalnız sülh yolu ilə həll etməyə çalışan ölkədir. Buna rəğmən etdiyi müharibə də ədalətli idi, heç bir vətəndaşın, sivilin, yaşayış obyektinin hədəfə alınmamağı Azərbaycan tərəfinin bütün dünyaya verdiyi müharibə dərsi idi. İndi Prezident İlham Əliyevin əsas məqsədlərindən biri Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olunması və davamlı inkişafı təmin etməkdir. Azərbaycan və Türkiyə kimi iki güclü dövlətin bütün qüvvələrinin birləşdirilməsi əslində zamanın tələbi idi. Tarix boyu sınanılan bir reallıq da var: Əgər düşmənlər nədənsə narazıdırsa, bu onları narahat edirsə deməli bu düzgün addımdır. İmzalanan andan etibarən daim müzakirələrə səbəb olan Şuşa Bəyyanaməsinin tarixi çəkisi o qədər vacibdir ki, analiz və bizi sevməyənlərin narazılıqları hələ də davam edir.

İmzalanan Bəyannamə hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinə yönəlib. Bütün bu sahələrin XXI əsrin tələbatına və standartına uyğun inkişaf etdirilməsi üçün bu bənd reallaşdırılması hər iki tərəf üçün çox vacib bir amildir.

Qeyd edək ki, Bəyannamə Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır. Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklərini də vurğulayıb. Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.

Parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi və bu istiqamətdə qarşılıqlı fəaliyyətin artırılması da bəyannamənin vacibliyini daha da artırır.

Tarixi fakta nəzər salsaq, imzalanmış sənədlər keçən əsrin əvvəllərində 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edir.

Azərbaycan sülhsevər ölkədir. Hər zaman xalqının azad, hürr yaşamasının tərəfdarıdır. 30 il erməni vəhşilikləri nəticəsində xarabalığa çevrilən torpaqlarımızı Azərbaycan Qrdusu,  Azərbaycan əsgəri azad etdi. Sözlərlə səslənməsi nə qədər asan olsa da, əzəli torpaqlarımız üçün 30 il canımız, qanımız getdi. Şəhidlərimiz oldu. Bir daha belə tarixi acılar yaşamamaq üçün Şuşa Bəyannaməsi əvəzolunmazdır. Sənədə əsasən Türkiyə və Azərbaycan üçüncü ölkədən təhlükə olarsa bir-birini qoruyacaq. Bu Bəyannamə bizim torpaqlarımızda bir daha qan tökülməməyə, işğala yol verməməyin təminatıdır.

İki qardaş ölkə artıq bir millət olmaqla bərabər böyük bir müttəfiqdir. Biz əminik ki, Şuşa Bəyannaməsi nəticəsində Cənubi Qafqazda daimi sülh təmin ediləcək. 

Elnurə Cəfərzadə,
QEYD Sosial-Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru