13 iyun 2022 23:58
739

Müasir Azərbaycanın inkişaf konsepsiyası: Güclü iqtisadiyyat, önəmli islahatlar

İqtisadiyyatın şaxələndirmə prinsiplərinə uyğun dinamikası işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirir

Dünyanın siyasi, iqtisadi, hərbi mənzərəsində Azərbaycanın tutduğu məkan bir həqiqətin məntiqi təsdiqidir: Dövlətlərarası münasibətlərin güclənməsində, dünyada sabitliyin qorunmasında humanist prinsiplərə sadiq qalan, siyasi nüfuzu, iqtisadi qüdrəti ilə seçilən Azərbaycan üzərinə düşən missiyaları sədaqətlə yerinə yetirir. İqtisadi böhranın, siyasi kataklizmlərin hələ də davam etdiyi müasir dünyamızda ölkəsinin təhlükəsizliyini qorumaq, dünya siyasətinin aktual problemlərinin müzakirəsində söz sahibi kimi proseslərə təsir imkanlarını artırmaq yalnız İlham Əliyev kimi liderlərə məxsus ola bilər. Beynəlxalq səviyyədə layiq görüldüyü bu dəyərləndirməni real həyatda gördüyü işlərlə , tarixi missiyanı ləyaqətlə yerinə yetirməklə qazanan, qlobal siyasətin ən incə məqamlarına qədər yiyələnən, özünün də vurğuladığı kimi, nəyin, necə, nə vaxt etməyi dərin zəkasının gücü, düzgün qərarvermə qabiliyyəti ilə müəyyənləşdirən Prezident İlham Əliyev qarşıdakı onilliklərə hesablanmış fəaliyyəti ilə göstərdi ki, zamanın imtahanından hadisələrin axarına düşüb, sonda siyasətin çıxılmaz labirintində çaşanlar deyil, zamanı arxasınca aparanlar uğurla çıxa bilirlər.

Müstəqillik Günü münasibətilə dövlət başçımızın ünvanına gələn çoxsaylı təbrik məktubları, ölkəmizlə əməkdaşlıqdan duyulan məmnunluqlar, Azərbaycanın dünyanın enerji və nəqliyyat xəritəsinin dəyişilməsindəki rolunun yüksək dəyərləndirilməsi, « Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşməsində önəmli rol oynayır» kimi sözlər siyasi, iqtisadi, hərbi uğurları ilə dünyanın diqqətini cəlb edən, Cənubi Qafqazın lider dövləti olan ölkəmizə artan marağın ifadəsidir. 44 gün davam edən İkinci Qarabağ müharibəsində XXI əsrin müharibə tarixini yazan Azərbaycanın öz gücünə ədaləti bərpa, torpaqlarını işğaldan azad etməsi sözünə imzası qədər dəyər verən ölkəmizə etimadı , hörməti artırdı.

Son zamanlarda ölkəmizdə Dünya Azərbaycanlılarının Zəfər Qurultayının, ” 27-ci Beynəlxalq Xəzər Neft və Qaz” Sərgisinin, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” Sərgisinin və Xəzər Neft və Qaz Konfransının xələfi olan Bakı Enerji Forumu”nu özündə birləşdirən Bakı Enerji Həftəsinin, Formula-1 yarışı kimi möhtəşəm tədbirlər Azərbaycanın multikultural dəyərlərinin dünyaya təqdimatı olmaqla yaddaşlarda iz saldı. Bakı Enerji Həftəsi təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirdi. Yeni münasibətlərə töhfələr verən «TEKNOFEST Azərbaycan» festivalı Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığının növbəti təzahürü oldu. Sadalanan və mühüm önəm daşıyan beynəlxalq tədbirlərin hər biri özlüyündə terrordan da güclü olan ikili standartların baş alıb getdiyi ötən illərdə Azərbaycana qarşı aparılan təxribatların qaranlıq məqamlarına aydınlıq gətirdi.

Vətən müharibəsi dövründə belə iqtisadiyyatını inkişaf etdirən, sosial islahatları, hərbi qüdrəti ilə ən güclü ölkələri belə qabaqlayan Azərbaycan xalqının bu sözləri qürurla deməyə tam haqqı vardır: «Biz zəngin tarixə malik qəhrəman, qüdrətli, yenilməz dövlətin aparıcı qüvvəsiyik. Dünən vardıq. Bu gün də öndərik. Sabah isə daha güclü olacağıq.» Bu iftixarı qüdrəti xalqımıza yaşadan isə ulu öndər Heydər Əliyevin ideyalarını davam etdirən, liderlər arasında seçilən Prezident İlham Əliyevdir.

İkinci Qarabağ müharibəsində Müzəfər Ali Baş Komandan kimi xalqımıza Zəfər sevincini yaşadan İlham Əliyev bu gün qurucu, yaradıcı, yenilikçi, müasir çağırışlara hər zaman hazır olan dövlət başçısı kimi təqdir edilir. İşğaldan azad olunmuş ərazilərə səfər edən xarici qonaqlar qısa müddətdə beynəlxalq və regional əhəmiyyətli layihələrin həyata keçirilməsini, infrastruktur və kommunikasiya sahəsində görülən işləri heyrətlə izləyirlər. Yenidənqurma işlərində də nümunə göstərilən Azərbaycanda davam etdirilən islahatlar alternativi olmayan yeniliklərdəndir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”»də əksini tapan vəzifələrin yerinə yetirilməsi, erməni vandalları tərəfindən dağıdılan kəndlərdə, şəhərlərdə bərpa –quruculuq işlərinin sürətləndirilməsi, Qarabağ Dirçəliş Fondunun təsis edilməsi ilə bərpa-quruculuq işlərinin ardıcıllıqla yerinə yetirilməsi inkişafın Azərbaycan modelinin uğurudur. Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında da qeyd olunur ki, Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Cari ilin birinci rübünün yekunlarına görə ölkəmizdə ümumdaxili məhsul 6,8 faiz artıb. Postpandemiya dövrü üçün bu rəqəmi nailiyyət hesab etmək olar. Qeyri-neft iqtisadiyyatımızın 10 faizdən çox artması isə respublikada biznesin inkişafı üçün yaradılan sağlam mühitin nəticəsidir. Ölkə üzrə qeyri-neft ixracı 45 faizdir. Keçən ilin müvafiq dövründə xarici dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil edirdisə, hazırda cəmi 12,5 faizinə bərabərdir. Yəni, bir il ərzində xarici borcun həcmi təqribən 600 milyon dollardan çox aşağı salınıb, ixracımız idxalı üstələyir. Cari ilin üç ayında valyuta ehtiyatlarımızın artması nəticəsində işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri sürətlənir.

«Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar» sözləri ilə əldə edilmiş iqtisadi nailiyyətlərin artacağını bildirən Prezident İlham Əliyev bərpa-quruculuq işlərinin sürətlənməsini iqtisadi inkişafımızın başlıca şərti kimi dəyərləndirir. Artıq şəhərlərin Baş planları təqdim edilir, investisiya proqramları nəzərdən keçirilir. İşğaldan azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı layihələrə diqqət artırılır. Azərbaycanın təkcə neft-qaz deyil, enerji ixrac edən ölkə kimi tanınması bu sahənin inkişafını intensivləşdirir. İnşası sürətlənən Zəngəzur dəhlizi vasitəsilə dəmir, avtomobil yollarının çəkilməsi ilə ölkəmizin enerji ixracı üçün də imkanlarının yaranması iqtisadiyyatımızı gücləndirəcək. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Nəqliyyat infrastrukturunun tərkib hissəsi olan Zəngilan, 2024-cü ilə planlaşdırılan Laçın Beynəlxalq Hava limanlarının istifadəyə verilməsisi ilə ölkə iqtisadiyyatının, turizmin inkişafı üçün yeni imkanlar yaranacaq.

Müstəqillik Günü ərəfəsində Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən «ağıllı kənd»” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin vurğuladığı kimi, siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycanla hesablaşmağın zəruriliyi , bütün sahələrdə ölkəmizin maraqlarının nəzərə alınması dünya siyasətində təsdiq olumuş reallıqdır.

İqtisadiyyatın inkişafında başlıca amil olan ərazilərin enerji ilə təminatının yüksək səviyyədə təşkili, istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma işləri də iqtisadi inkişafla bağlıdır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin «yaşıl enerji»” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərin əsasında da iqtisadi sahədə inkişafın tənzimlənməsidir. Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda, mədəniyyət paytaxtımız Şuşada yarımstansiyaların fəaliyyət göstərməsi enerji ilə təminatı şərtləndirəcək. Alternativ enerji mənbələrindən istifadə üçün xarici şirkətlərlə danışıqların intensivləşdirilməsində də məqsəd etibarlı enerji mənbələrinə nail olmaqdır.

İqtisadiyyatın şaxələndirmə prinsipinə uyğun inkişafın enerjidən əlavə digər sahələri də əhatə edəcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaq. 44 günlük Vətən müharibəsi dövlətimizin gücünü, xalqımızın mənəvi keyfiyyətlərini göstərdisə, postmünaqişə dövründə ən böyük uğurumuz inşaat meydanını xatırladan Qarabağda və Şərqi Zəngəzurda hərtərəfli quruculuq işlərinin sürətli davamıdır.

Günümüzün reallığı budur ki, tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsindən sonra yaranan postmünaqişə dövründə də Azərbaycan dünya siyasətinin gündəliyini diktə edir. «Nəyi demişəmsə buna biz nail olmuşuq, ya da ki, nail oluruq. Birincisi, bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Bu, çox vacib idi, çünki başqa cür də ola bilərdi» söyləyən Prezident İlham Əliyev sözünə imzası qədər dəyər verən, vədlərini doğruldan Azərbaycanın müəllifi olduğu nailiyyətləri siyasi iradənin, iqtisadi, sosial sahədə düşünülmüş konsepsiyanın nəticəsi adlandırır.

Xuraman İsmayılqızı, «İki sahil»