13 iyun 2022 23:53
884

“Səni dünya tanıdı birbaşa, Azərbaycan!”

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisinin möhtəşəm zəfərinə...

Minifutbol üzrə Azərbaycan yığma komandası tarixində ilk dəfə Avropa çempionu adını qazandı! İlk dəfə özləri tarix yazdılar baş məşqçisi də, oyunçuları da özümüzünkü olan komandamızın qəhrəmanları! Və yaddaşlardan silinməyəcək bu tarixdə - 2022-ci il iyunun 11-də keçirilmiş final oyununun nəticəsi tək idman azarkeşlərini deyil, Vətənini, millətini və dövlətini sevən, üçrəngli müqəddəs bayrağımızın zirvələrdə dalğalanmasına gözləri yaşarmadan baxa bilməyən hər kəsi qürurlandırdı. Azərbaycan bu dəfə Avropada öz namı naminə “döyüşdü” və çempionluq arzumuzu “işğaldan azad etdi”. Çempionluğu rəsmiləşdirən final fitindən sonra qəhrəmanlarımızın “...səni dünya tanıdı birbaşa, Azərbaycan! Yaşa, Azərbaycan” mahnısının sədaları altındakı zəfər rəqsləri isə düşmənin başının əzilməsi, burnunun ovulması ilə nəticələnən 44 günlük Vətən müharibəsini, 8 noyabrı xatırlatdı. Qələbə həmişə və hər yerdə dəyərlidir, şirindir, əzizdir. Qalibiyyət həmişə və hər yerdə sənə çox yaraşır, Azərbaycan!

Əvvəlcə Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa Cempionatının gedişi və yığma komandamızı qələbəyə aparan yol haqqında. Millimiz 24 komandanın yarışdığı çempionatda mübarizəyə B qrupunda başladı. Rumıniyaya 0:2 hesabı ilə uduzsaq da İspaniya üzərindəki 5:1 hesablı darmadağın və Albaniyaya minimal hesabla qalib gəlməyimiz sayəsində səkkizdəbir finala yüksəldik. Bu mərhələdə yığma komandamız İsraili 3:0, daha sonra isə dörddəbir finalda ev sahibi Slovakiyanı minimal hesabla məğlub edərək yarımfinal oynamaq hüququ qazandı. Bu mərhələdəki oyun, eyni zamanda, komandamızın iradə nümayiş etdirməsi, əzmkarlığı və döyüşkənliyi ilə daha böyük hədəflərə iddialı olduğunu göstərdi. Güclü Qazaxıstan qarşısında hesabda iki dəfə geri düşən millimiz oyunun gedişini və taleyini dəyişməyi bacardı. Hakimin final fiti səslənəndə tabloda Azərbaycanın qələbəsini nümayiş etdirən 3:2 hesabı əks olunmuşdu. Bu hesab həm də millimizin ilk dəfə finalda oynamaq hüququ əldə etdiyini göstərirdi. Yeri gəlmişkən, Qazaxıstan yığma komandası Avropanın ən güclülərindəndir və qitə çempionu da olub.

Nəhayət, 11 iyun – millimiz üçün həm də revanş imkanı verən möhtəşəm final. Yenidən rəqibimiz qrup mərhələsində məğlub olduğumuz, qitə birinciliklərinin ən titullu komandası - altıqat Avropa çempionu Rumıniya idi. Ən yüksək pilləyə aparan yolun sonuncu mərhələsinin gərgin keçməsi nə qədər gözlənilən idisə, qarşılaşmanın 25-ci dəqiqəsində milli oyunçumuz Seymur Məmmədovun rumın azarkeşləri şoka salan qolu yəqin çoxları üçün bir o qədər gözlənilməz oldu. Bu “qızıl” qol, eyni zamanda, oyunun taleyini həll edən və qızıl medalları gətirən qol idi. Azərbaycan milli komandası güclü rəqibini 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə minifutbol üzrə Avropa Çempionatının qalibi oldu. Turnirin bürünc medallarına isə Qazaxıstan yığmasını 4:1 hesabı ilə məğlub edən Bolqarıstan layiq görüldü.

Beləliklə, 2022-ci il minifutbol üzrə Avropa çempionu heyətində Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımovun yer aldıqları Azərbaycan milli komandası, turnirin ən yaxşı oyunçusu millimizin üzvü Bəxtiyar Sultanov, ən yaxşı qapıçı isə qolkiperimiz Davud Kərimi oldu.

Möhtəşəm və tarixi qələbədir! Bu böyük zəfərin ən mühüm əhəmiyyəti isə eyni zamanda, bir çoxlarının yanlış təsəvvürünə rəğmən “kollektiv oyunlarda uğur qazana bilmərik” stereotipinin qırılması oldu. Məşqçiləri və bütün oyunçuları özümüzünkü, özümüz olan qəhrəmanlarımız sübut etdilər ki, biz hər şeyə qadirik. Biz heç kimin köməyinə ehtiyacımız olmadan ləyaqətlə yarışmağı, oynamağı, döyüşməyi bacarırıq. Özü də bir-birimizə arxa-dayaq olaraq, kollektiv şəkildə. Vətən naminə! Azərbaycanın adı və şərəfi naminə!

Mahir Rəsuloğlu, “İki sahil”