14 iyun 2022 02:41
848

Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan böyük faciələrdən xilas oldu

Azərbaycan xalqının taleyində elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm  başlanğıcların əsası qoyulub.  Belə günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 

1993-cü ilin iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir.  Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışını ifadə edən Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra tariximizin dönüş nöqtəsini təşkil edib. Heydər Əliyevin 1993-cü ildə yenidən Bakıya qayıdışı Azərbaycanı başının üstünü almış bütün bəlalardan xilas etdi. Ölkə parçalanıb məhv olurdu. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıtmış, təlatümlü və məcrasından çıxmış hadisələri ram etmək naminə fədakarlıq göstərmiş ulu öndər müasir tariximizin yeni bir səhifəsini yaratdı. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin tarixi şəxsiyyət kimi böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əminamanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi.

Bu önəmli tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi yazıldı və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilməyə başladı. Milli qurtuluşumuzun bəhrələri göz qabağındadır. Müstəqil ölkəmiz dahi şəxsiyyət, dünya tarixində silinməz izlər qoymuş Heydər Əliyevin müəyyən etdiyi yolla inamla irəliləyir. Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi möhtərəm prezidentimiz İlham Əliyevin ulu öndərimizin müəyyən etdiyi siyasi-iqtisadi kursun davam etdirilməsi nəticəsində real prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Azərbaycan  Heydər Əliyevin sönməz ideyalarının layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin  rəhbərliyi altında  gələcəyə inamla addımlayır

Azad Balayev,
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri