13 iyun 2022 16:19
678

Lerikdə gənclər arasında minifutbol turniri keçirilib

Lerik rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə Lerik şəhər 2 saylı tam orta məktəbin stadionunda   15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş gənclər arasında minifutbol turniri keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev və Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bildirilib ki, iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Bildirilib ki, turnirin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, dünyagörüşünün artırılmasına köməklik göstərmək, minifutbol idman növünü təbliğ etməkdir.

Minifutbol turnirinin nəticəsinə əsasən Lerik şəhərini təmsil edən “Gənclik” komandası I yerə, “Şahinlər” komandası II yerə, Lüləkaran kəndini təmsil edən “Ramo” komandası isə III yerə layiq görülüb.

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib.  YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev və Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov qaliblərə medal və diplomlar təqdim ediblər.