1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr seçilərək, ikinci dəfə hakimiyyətə gəlməsi xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Vətənini, xalqını sevən, o dövrdəki çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün 15 iyun - əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, əbədiyaşar ideyaları və əməlləri ilə Azərbaycan xalqının qəlbində özünə möhtəşəm abidə ucaldan, daim xalqına arxalanan və xalqa xidmət edən Heydər Əliyevdir. Bu tarixin yaranması isə heç də asan olmamış, Heydər Əliyev siyasəti çoxsaylı siyasi, hərbi və iqtisadi təlatümlərin sınağından üzüağ çıxaraq daha da möhkəmlənmişdir. Bu nadir tarixi şəxsiyyətin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikamızda əldə edilmiş böyük nailiyyətlər dövlət müstəqilliyimiz üçün möhkəm iqtisadi, mənəvi və siyasi zəmin yaratmışdır.
1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə separatçılıq siyasəti yeritməyə başladı. SSRİ-yə o vaxtlar rəhbərlik edən ikiüzlü şəxslər isə bu separatizmin qarşısını almaq əvəzinə ona dəstək vermək xəttini tutdu, münaqişə ocaqlarını genişləndirərək alovlandırdı, ölkənin iqtisadi və hərbi dayaqlarını çökdürmək siyasəti yeritdilər.
O vaxtlar sovet rəhbərliyinin xəbis niyyətlərinə dözməyərək vəzifəsindən istefa verən Heydər Əliyev 1990-cı ildə Naxçıvana qayıtdı. Tezliklə Azərbaycan Ali Sovetinə deputat seçilən Heydər Əliyev Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid etdi. 1990-cı il noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik orqanında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın hazırki üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Onun təklifi ilə muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Belə bir mürəkkəb şəraitdə Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 3-də muxtar respublikanın Ali Məclisinə sədr seçildi. Qurtuluşa gedən yol məhz bu gündən başladı.
Müstəqilliyimizin ilk illərinə təsadüf edən 1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin vaxt yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapa bilməyən şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Bakıda iqtisadi və siyasi böhran baş alıb gedirdi, Azərbaycan ərazilərinin davamlı işğalı, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edərək xalqı öz ardınca aparmağa qadir bir siyasi qüvvənin yaranmasını tələb edirdi. Belə bir şəraitdə baş verən hadisələri və siyasi prosesləri diqqətlə izləyən, xalqın gələcək taleyinə biganə qala bilməyən insanların, xüsusilə "91-lər"in müraciəti eşidildi və 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müdrik və uzaqgörən xalqımız möhtərəm Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi. Ona görə də Heydər Əliyevin sədrliyi ilə bu partiya böyük təzyiqlərə, təqiblərə və təxribatlara baxmayaraq, tezliklə Azərbaycanın bütün bölgələrində yaranaraq təşkilatlandı və respublikanın siyasi həyatında öz dəst-xətti, yeri olan qüdrətli bir siyasi qüvvəyə çevrildi. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, zəngin dövlətçilik təcrübəsi olan liderə ehtiyacı vardı. Bu lider Heydər Əliyev idi və Azərbaycanda hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi.
Bu dönəmdə AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində Gəncədə qardaş qanının tökülməsi ilə ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Müstəqilliyimizin ilk illərində heç bir dövlətçilik təcrübəsi, bacarığı və işgüzarlığı olmayan iqtidarın günahı üzündən yaranmış bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid və nicat yeri olan Heydər Əliyevə dikilmişdi. Respublikanın parçalanmasının və vətəndaş müharibəsinin şiddətlənməsinin qarşısını almaq üçün gərgin vəziyyətdən çıxış yolunu isə xalq özü müəyyən etdi. Artıq ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi təkidlə tələb edilirdi.
1993-cü il iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Xalqın tələbi ilə hakimiyyətə bu qayıdışın dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və xalqımızın qurtuluşu oldu və xalqın öz seçimində yanılmadığı təsdiqini tapdı.
1997-ci il iyunun 27-də Milli Məclisin qərarı ilə 15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu.
Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldı. Bir sözlə, ulu öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da ölkəmiz və xalqımız müstəqil respublikamızın məhv olmasından və milli mənafelərimizə zidd olan meyillərdən qurtuldu və yeni inkişaf mərhələsinə qədəm qoydu.
Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız dünyanın tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi" və digər kontraktlar imzaladı, qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. İqtisadiyyatın və həyatın bütün sahələrində islahatlar, tərəqqi və dirçəliş başladı.
1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi, cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
Bugünün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Möhtərəm Prezidentimiz və Partiyamızın sədri İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmuş, 44 günlük Vətən müharibəsində zəfər çalmış, regionda beynəlxalq aləm tərəfindən tanınan lider ölkə statusunu qazanmışdır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir ölkədir.
Bu gün bütün Azərbaycan vətəndaşları Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi – Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi və iqtisadi kursu sayəsində ölkəmizin daha yüksək zirvələr fəth edəcəyini görür və buna qəlbən inanırlar!
İsa Eminov,
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir