Dövlət müstəqilliyini 1991-ci ildə əldə etmiş yurdumuz müstəqilliyini əldə edər-etməz müharibəyə cəlb edilmiş, çətinliklə əldə etdiyi azadlığını elə beşiyindəcə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Torpaqları işğala məruz qalmaqla yanaşı ölkəmiz daxildə - şimal və cənubda etnik, qərbdə isə regional separatçılıq kimi qiymətləndirilə biləcək hadisələrə məruz qalırdı. 1993-cü ilin birinci yarısında proseslər o qədər dərinləşərək mürəkkəbləşdi ki, nəticədə Azərbaycan artıq vətəndaş müharibəsi ərəfəsinə gəlib çatdı.
1993-cü ilin iyun ayı yeni müstəqilliyini elan etmiş Azərbaycan üçün ağır imtahan günləri kimi tarixə düşdü. İyun ayının 4-də Gəncədə qan töküldü, vətəndaş itaətsizliyi baş qaldırdı, mərkəzi hakimiyyətin göndərmiş olduğu xüsusi silahlı və polis qüvvələri isə müqavimətlə qarşılaşaraq, itkilərə məruz qaldı. Bu isə artıq vətəndaş müharibəsinin başlanması idi. Baş verənlərin fərqində olan, bunu qiymətləndirə bilən xalq öz liderini-Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət edərək ölkəni içinə düşdüyü bu girdabdan qurtarmaq istiqamətində fundamental addım atdı. Xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu Öndər bu hadisələri nizama, qaydaya saldıqdan sonra iyun ayının 15-də Azərbaycan Respublikasının Milli Məclisinin sədri seçildi. Beləliklə, Azərbaycan xaosdan, anarxiyadan, ictimai-siyasi həyatda özbaşınalıqdan, qanunsuzluqdan, qeyri-peşəkar dövlətçilikdən və səriştəsiz idarəçilikdən qurtuldu. Azərbaycan permanent dövlət çevrilişindən, milli ordunun ayrı-ayrı silahlı dəstələrə bölünməsindən, eyni zamanda qardaş qırğınından və vətəndaş müharibəsindən xilas oldu. Azərbaycan yüksək dövlət rəhbərlərinin bir-biri ilə mənasız didişməsindən qurtuldu. Ərazi bütövlüyü təhlükədə olan Azərbaycan növbədə yeni-yeni torpaqlarımızın işğalından qurtuldu. Azərbaycan demokratik imicinin iflasından, dünya dövlətləri birliyindən təcrid olunmadan və qonşu dövlətlərlə açıq şəkildə düşmən olmaqdan qurtuldu. Ən əsası, Azərbaycan müstəqillik yolundakı ən ağır problemdən - gələcəyə bədbinlikdən qurtuldu. Bütün bunlara böyük bir şəxsiyyətin gəlişi ilə nöqtə qoyuldu.
Sadalanan mürəkkəblik və problemlər yalnız qeyd olunanlarla da bitmirdi. Müstəqil dövləti qurmaq, hər şeydən əvvəl isə ən qısa müddətdə dövlətin funksional nizamını, institutları yaratmaq, dövləti idarə edəcək kadrlar yetişdirmək və iqtisadiyyatı bərpa etmək lazım idi. Bütün bunlara paralel olaraq isə mənəviyyatda, ideoloji müstəvidə degradasiya prosesinin qarşısı alınmalı idi. Yəni kommunist totalitar rejimdən çıxmış bir cəmiyyəti idarə etmək və bu cəmiyyətdə hər kəsə arzu etdiyi ümumi dəyər vermək lazım idi. Beləliklə, ümummilli harmoniyanı yaradacaq bir ideologiya-azərbaycançılıq ideologiyası yarandı. Eyni zamanda, ölkənin iqtisadiyyatını və hüquqi əsaslarını yaratmaq mühüm əhəmiyyət kəsb edirdi çünki, o dövr cəmiyyətimizdə çox ciddi şəkildə hüquqsuzluq hökm sürürdü. SSRİ dövründən qalan sovet hüquqi ilə dövlət idarə etmək isə tamamilə mümkünsüz idi. Digər çətinliklərdən biri də iqtisadi əsaslarla bağlı idi. Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatını xilas edəcək yeganə faktor neft faktoru idi. Bununla bağlı beynəlxalq müqavilələrin bağlanması üçün Azərbaycan daxil olmaqla post-sovet məkanında heç bir ölkə bu müqavilələrin hüquqi təminatını yaradacaq beynəlxalq anlaşmalara qoşulmamışdı. Belə bir vaxtda Heydər Əliyev həm də beynəlxalq hüququn təminatçısı kimi çıxış etdi. Ona olan etibar, inam nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Beləliklə, ölkənin iqtisadi əsaslarının, ideoloji həmrəyliyin təməli qoyuldu və 1995-ci ildə ölkənin milli Konstitusiyası yaradıldı. Hər birimizin bildiyi kimi, müstəqil dövlətin idarə olunması üçün milli Konstitusiyanın olması fövqaladə əhəmiyyət kəsb edir. 1995-ci ildə ümumxalq toplantısında Ümumilli Liderin səsləndirdiyi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” kəlamı isə dahi liderin həyata keçirdiyi fəaliyyətlərin əbədiliyini təmin etdiyinin sübutu oldu. Bu o təminatdır ki, bu gün də bizlər müstəqil Azərbaycanda azad vətəndaş kimi həyatımızı davam etdiririk.
Əgər Heydər Əliyev o günlərdə hakimiyyətə gəlməsəydi tarix bizim üçün yaxşı heç nə vəd etmirdi. Heydər Əliyev özünün təcrübəsi, intellekti, zəkası və uzaqgörənliyi ilə bütün məsələləri yoluna qoydu. Məhz bundan sonra Azərbaycan müstəqil qərarlar qəbul edərək, düzgün siyasət həyata keçirərək inkişaf yolunda irəlilədi. Ulu Öndərin söylədiyi kimi “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Bu çətin, qəliz missiyanı uğurla davam etdirmək isə Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevə həvalə olundu. Artıq 19 ildir ki, İlham Əliyev müstəqil Azərbaycana uğurla rəhbərlik edir. Onun hakimiyyəti dövrü Azərbaycanın inkişafı, çiçəklənməsi, dünya müstəvisində get-gedə güclənən imici ilə xarakterizə olunur. Şübhə yoxdur ki, İlham Əliyevin uğurunun təməlində Heydər Əliyev ideyalarına sadiqlik durur. Heydər Əliyev tarixin Azərbaycana bəxş etdiyi ən böyük, ən dəyərli şəxsiyyətlərdəndir. Məhz bu səbəbdəndir ki Azərbaycan xalqı onu “ən böyük azərbaycanlı” olaraq xarakterizə edir və daim qəlbində yaşadır. Heydər Əliyev dühasının böyüklüyünü sadəcə Azərbaycanla da məhdudlaşdırmaq olmaz. Çünki, O, bütün dünya üçün böyük bir şəxsiyyət idi. Hər birimiz böyük qürur və fəxr hissləri keçiririk ki, dahi lider dünyaya məhz azərbaycanlı olaraq göz açmışdı.
Aysel Qəribli,
Pirallahı rayon MKTB-nin kadrlar üzrə mütəxəssisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir