1988-ci ilin fevralın 19-da Yerevanda antitürk mövqeli, millətçi şüarların səsləndirildiyi mitinqin keçirilməsi və fevralın 21-də Yerevanda qalmış son məscidin dağıdılmasında sonra erməni vandalları tərəfindən Azərbaycan türklərinə qarşı terror daha da genişlənməyə başlandı. 1988-ci ilin fevralın 22-də Əsgəran rayonu ərazisində iki azərbaycanlı gənc ermənilər tərəfindən qətlə yetirildi. Lakin onların bütün zülmləri cəzasız qaldı və bundan ruhlanaraq erməni vandalları daha fəal zorakılıqlar təşkil etdilər. 1988-ci ilin əvvəllərindən başlayaraq ermənilər ardı-arası kəsilməyən mitinqlər keçirməyə başladılar. Məhz mitinqçilərin tələbi ilə 1988-ci ilin fevral ayında Xankəndində Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyasında muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb, Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında qanunsuz qərar qəbul edildi. Belə bir vəziyyətdə Azərbaycanın yalnız öz vəzifəsini saxlamaq hayında olan rəhbərləri xalqı çarəsiz vəziyyətdə qoymuşdu. Bir tərəfdən Dağlıq Qarabağın ələ keçirilməsi ilə bağlı işlər görülür, digər tərəfdən də Heydər Əliyevə qarşı təxribatlar davam etdirilirdi. Erməni millətçiləri tərəfindən 1988-ci ilin fevralın 28-də Sumqayıtda qanlı fitnəkarlıq törədildi. İğtişaşlar həmin dövrdə məqsədyönlü təxribatların kulminasiyası nöqtəsi idi. 1988-ci il mayın 21-də öz vətənində heç kəsin tanımadığı Ə.Vəzirov Moskvanın qərarı ilə Azərbaycan KP MK-nin birinci katibi təyin edildi. Qorbaçovun Azərbaycana qarşı planlaşdırdığı qərəzli niyyətləri həyata keçirmək üçün Ə.Vəzirov ən uğurlu seçim idi. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri milli azadlıq hərəkatı kimi qiymətləndirilir və 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 1990-cı ilin yanvarında Azadlıq meydanında, Azərbaycan KP MK-nın, Respublika Ali Sovetinin binaları qarşısında izdihamlı mitinqlər keçirilirdi. Yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıya qanunsuz yeridilməsi nəticəsində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 112 nəfər SSR-nın müxtəlif şəhərlərində həbsxanalarda saxlanılmışdır. 1990-cı il yanvarın 21-də qanlı faciə haqqında eşidən Heydər Əliyev Moskva şəhərində yerləşən Azərbaycan nümayəndəliyinə gəldi və 20 yanvar hadisələrini pislənməsi ilə bağlı bəyanat verdi. 1990-cı il yanvarın 24-də Moskva respublikadan qaçmış Ə.Vəzirovun yerinə hakimiyyət uğrunda bütün vasitələrdən istifadə edərək qalib gəlmiş Ayaz Mütəllibovu Azərbaycanın KP MK-nin birinci katibi seçdirdi.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR parlament sessiyasında qəbul edilən qərara əsasən muxtar respublika adından “Sovet sosialist” sözləri götürüldü. AXC-nin üç rəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O dövr üçün bu, çox cəsarətli addım kimi qiymətləndirilməlidir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Bununla da, xalqımızın tarixində yeni dövr başlandı. Azərbaycan Respublikası Ali Sovetinin sessiyası 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edildi. 1991-ci ilin 26 noyabrında 25 nəfər “demblok” nümayəndələrindən və 25 nəfər başqa deputatlardan ibarət Milli Şura yaradıldı. 1992-ci ilin əvvəllərində ölkəmizdə mövcud hakimiyyət böhranı daha da dərinləşdi. Ayaz Mütəllibov artıq respublikanı idarə etmək iqtidarında deyildi. Bu dövrdə rus hərbi hissələrinin köməyindən yararlanan ermənilər Dağlıq Qarabağı işğal etmək üçün hücum əməliyyatlarını genişləndirmişdilər. Belə ki, fevralın ortalarından növbəti belə hücumlar başladı.1992-ci il fevralın 25-dən 26-na keçən gecə qanlı Xocalı soyqırımı baş verdi. Ermənilər SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə dörd tərəfdən hücum etdilər. Şəhərin müdafiəçiləri və yerli əhali Xocalını tərk etməyə məcbur olmuşdur. Bir gecənin içərisində Xocalı erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş və azərbaycanlılara qarşı soyqırım baş vermişdir.
1992-ci il martın 15-də Azərbaycan Xalq Cəbhəsi silahlı qüvvələri tərəfindən Ayaz Mütəllibov hakimiyyətdən qovuldu və martın 18-də Milli Şura Milli Məclis adlandırıldı və hakimiyyət Xalq Cəbhəsinin əlinə keçdi. Lakin onlar qısa müddət ərzində iqtisadi tənəzzül, torpaqların itirilməsi və digər səbəblərdən nüfuzunu itirdilər və insanlar təkidlə Heydər Əliyevə üz tutaraq ondan hakimiyyətə gələrək, durumu yaxşılaşdırmağı xahiş edirdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər nüfuzlu ziyalı Heydər Əliyevə müraciət etdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və yekdilliklə Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. 1993-cü il iyunun 4-də Gəncədə hərbi qiyam baş verir, AXC-müsavat iqtidarının keçirmək istədiyi qanlı əməliyyat ağır nəticə ilə yekunlaşdı. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Iyunun 9-da Naxçıvandan Bakıya gələn və iyunun 15-də parlamentə sədr seçilən Heydər Əliyev dağılmaqda olan Azərbaycan dövlətini və xalqını xilas etdi. Bu yolda o, çoxlu xəyanət, hədə-qorxu, sui-qəsdlərlə üzləşdi. Lakin o bütün çətinlikləri dəf edərək, ona inanan insanların bütün ümidlərini doğrultdu. Heydər Əliyev həyatının bütün dövrlərində müstəqil Azərbaycan naminə müqəddəs mübarizə aparmışdır. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər görən Ulu Öndər Heydər Əliyevin ruhu bugün şaddır. Onun ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Qələbənin gerçəkləşməsi uğrunda dövlət başçımız cənab İlham Əliyevin apardığı ədalətli siyasi mübarizə, diplomatik danışıqlar və gərgin ordu quruculuğu möhtəşəm Zəfər gününü gətirdi! Ümummilli lider Heydər Əliyevin siyasi irsi onun layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir