13 iyun 2022 23:12
882

Vətənə və xalqa xidmət nümunəsi

15 iyun günü Azərbaycan xalqının yaddaşında heç vaxt silinməyəcək dərin izlərə malik tarixi günlərdən biridir. 1993-cü ilin məhz bu günü Ümummilli lider Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasına başlamışdır. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün bu gün əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin rəmzinə çevrilmiş əlamətdar bir gündür.

Həmin günlərə qısaca nəzər salsaq görərik ki, Azərbaycan həmin dövrdə yenicə müstəqilliyini qazanmasına baxmayaq, səriştəsiz, yarıtmaz hakimiyyət üzvlərinin fəaliyyəti nəticəsində müstəqilliyini elə beşikdəcə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən erməni qəsbkarlarının aralıqsız hücumları və torpaq itkiləri, bir tərəfdən daxildə seperatizm meyilləri, digər bir tərəfdən də sosial  çətinliklər vəziyyəti dözülməz həddə çatdırmış və xalqın xilaskar bir liderə kəskin ehtiyac duymasına səbəb olmuşdu. Bu lider isə şübhəsiz ki, Heydər Əliyev dühası idi. Yalnız O, canından çox sevdiyi, dəyər verdiyi xalqını və dövlətini düşdüyü bu ağır vəziyyətdən qurtara bilərdi. Və belə də oldu.

1993-cü ilin iyun ayının 9-da Heydər Əliyev Bakıya gəldi, artıq ilk təzahürləri meydana çıxmış vətəndaş müharibəsi alovunu söndürmək üçün Gəncəyə yola düşdü, böyük çətinliklər və iradi qüvvə bahasına böhranın səngidilməsinə nail oldu. İyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məhsuldar və şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin sədri seçildi.

Ümummilli lider hakimiyyətə qayıtdığı dövrdə AXC—Müsavat rejimindən qalan  son dərəcə ağır bir mirasla qarşılaşdı: siyasi oyunlara və hakimiyyət çəkişmələrinə cəlb edilmiş, döyüş qabiliyyətini itirmiş və çaş-baş qalmış ordu, idarəetmə və nəzarət funksiyasından məhrum olmuş dövlət qurumları, ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsinə bürünmüş xalq. Beləliklə, Heydər Əliyevin qarşısında yalnız ölkəni böhran vəziyyətindən çıxarmaq deyil, həm də xalqın geniş təbəqələrini Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşdirmək, ona ümid və inam aşılamaq, qətiyyət və mübarizlik təlqin etmək vəzifəsi dayanırdı. Və Heydər Əliyev  qısa bir müddət ərzində bütün bunların öhdəsindən ustalıqla gəlməyə nail oldu. İlk öncə daxildə yaranmış seperatizm meyilləri yox edildi və nizami ordu yaradıldı, 1994-cü ilin mayında atəşkəs haqqında razılıq əldə edildi, həmin ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" bağlandı və ölkəmizin iqtisadi baxımdan dirçəldilməsinin bünövrəsi qoyuldu. Eyni zamanda siyasi islahatlara başlanıldı və çoxpartiyalı sistem yaradıldı. Heydər Əliyev dövlət quruculuğu sahəsində başladığı böyük işi məntiqi şəkildə davam etdirərək, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasına rəhbərlik etdi. Heydər Əliyev dühasının fəaliyyətlərini səhifələrcə yazsaq da bitirə bilmərik. Buna görə də dahi şəxsiyyəti tək bir cümlə ilə xarakterizə etmək istərdim: Heydər Əliyevin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir.

Ümummilli liderin Azərbaycan xalqı qarşısında ən böyük fəaliyyətlərindən biri də şübhəsiz ki, özündən sonra İlham Əliyev kimi böyük bir dövlət adamını xalqımıza bəxş etməsi idi. Ulu öndərin siyasi kursunun layiqli davamçısı olaraq İlham Əliyev onun sona çatdıra bilmədiyi bütün məsələləri uğurla sona çatdırdı. Heydər Əliyev siyasəti İlham Əliyevin rəhbərliyi ilə davam etdirildi və qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına bələdçilik etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir...... Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır". Bəli, son illərdə Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Yaşasın müstəqil, güclü və vahid Azərbaycan!!

Təranə İskəndərova,
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri