Ulu öndər Heydər Əliyevin adı bu gün Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Bu da onunla bağlıdır ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərlik etdiyi dövrlər xalqımızın Qurutuluş tarixidir.Ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevirən ümummilli lider Heydər Əliyev bununla xalqımızı müstəqilliyə aparan yolun əsasını qoymuşdu. Həmin dövrdə ulu öndərin respublikada böyük uzaqgörənliklə formalaşdırdığı potensial müstəqillik illərində davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə çevrilmişdi. Dahi şəxsiyyət uzaqgörənliklə bilirirdi ki, xalqın iqtisadi azadlığını təmin etmədən, onun tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmadan siyasi müstəqilliyə nail olmaq mümkün deyil. Bu baxımdan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli mədəni-intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirməyə nail olmuşdu. Bu da tariximizin parlaq bir səhifəsidir ki, ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi də xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır.
1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın nicatı yalnız ulu öndərin ideyalarındadır. Azərbaycan 1991-ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə sürüklənirdi. Ölkəmiz real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. İqtisadi böhran dərinləşmiş, çörək növbələri ölkənin hər yerində adi hala çevrilmişdi. Artıq AXC-Müsavat liderlərinin boş vədləri xalq tərəfindən qəbul edilmirdi. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi. Məhz bu tarixi qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil oldu, Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana ikinci rəhbərlik dövrü müstəqil dövlət quruculuğu prosesinin hərtərəfli şəkildə və böyük uğurla həyata keçirilməsi ilə səciyyələnir. “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daima qoruyub saxlayacağıq”, – deyən Ümummilli Liderimiz bu tarixi nailiyyətin, milli istiqlalımızın qorunub saxlanması və möhkəmləndirilməsi üçün misilsiz işlər gördü. Müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə, hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu. Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, regionların sürətlə müasirləşməsi, xalqın rifah halının günbəgün yaxşılaşdırılması Milli Qurtuluş Gününün bəhrələridir. Odur ki, qədirbilən xalqımız hər zaman Qurtuluş Gününü əziz tutur, bu günü böyük sevinc və fərəh hissi ilə qeyd edir. Çünki ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuş, Milli Qurtuluş yüksək intibaha açılan qapı kimi tariximizdə yeni bir səhifə açmışdır. Bu səhifə isə bu gün olduğu kimi, gələcəkdə də müstəqil Azərbaycanın əsas inkişaf modeli olacaqdır.
Süpay Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir