13 iyun 2022 14:53
797

Tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü

“Xalqımız 44 günlük müharibədən sonra artıq ikinci ildir ki, Milli Qurtuluş Gününü tam fərqli ab-havada, möhtəşəm Qələbə əldə etmiş qalib xalq kimi qeyd edir. Vətən müharibəsi Azərbaycanın gücü-qüdrəti ilə yanaşı, XXI əsrin texnologiyası ilə silahlanmış müzəffər ordunun, o cümlədən xalq-iqtidar birliyinin dünyaya bir təqdimatı idi. Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad olundu. Təbii ki, bütün bunların təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanırdı”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin üzvü Aydın Hüseynov deyib. 

Deputat bildirib ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxarmaqla bərabər ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisini təmin etmişdir: “Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun beynəlxalq arenada mövqeyinin möhkəmlənməsində misilsiz xidmətlər göstərməklə yanaşı, həm də dövlətin və dövlətçiliyimizi qorudu. Azərbaycanın və xalqın gələcək taleyini düşünərək atdığı addımlar Ulu Öndər Heydər Əliyevi xalqına sevdirdi. Bəzən sual verirlər, 1993-cü ilin 15 iyun tarixində biz nədən qurtulduq. Bu sualın cavabı artıq tarixə dönmüş hadisələrin səbəb və nəticələrini açıb göstərir. Xalqımızın yenicə əldə etdiyi müstəqilliyə qənim kəsilən, azadlığımızı əlimizdən almaq istəyən, Azərbaycanı yenidən başqa ölkənin vassal ölkəsi kimi görmək istəyən hərbi-siyasi qrupların, dövlətlərin basqısından qurtulduq. Biz Azərbaycana rəhbərlik edən, lakin xalqın maraqlarına zidd addımlar atan, qorxaq və ikiüzlü hakimiyyətdən, hakimiyyətə gəlmək üçün şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutan, ərazilərimizin işğalında bilavasitə rol oynayan səriştəsiz AXC-Müsavat cütlüyünün idarəçiliyindən, Azərbaycanın parçalanmasında bilavasitə fəaliyyət göstərən şəxslərdən qurtulduq. Qardaş qırğınından, vətəndaş müharibəsindən, ərazilərimizin itirilməsindən hakimiyyətsizlikdən, xaosdan, iqtisadi tənəzzüldən, aclıqdan və səfalətdən qurtulduq”. A.Hüseynov AXC-Müsavat cütlüyünün hakimiyyətini xarakterizə edərkən bildirib ki, onlar yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar: “Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Ulu öndərin hakimiyyət sükanı arxasında inamlı fəaliyyəti, fədəkarlığı Azərbaycanın çətinliklə  qazandığı müstəqilliyin itirilməsi prosesini dayandırdı.

1993-cü ilin oktyabr ayının 3-də isə YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyi təmin etdi, tənəzzülün qarşısını aldı və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsinə şərait yaratdı. İtirilmiş ərazilərimizin bərpası, 1 milyona yazın qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönüşünü təmin etmək üçün yeni, müasir ordunun yaradılmasına başlanıldı. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı.

Bu da bir həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğuna, inkişafına görə XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin davamlılığını təmin edən Qurtuluş Gününə minnətdar olmalıyıq. Milli Qurtuluş Gününün müəllifi isə dahi siyasətçi, dövlət xadimi, Ulu Öndər və nəhayət xalqımızın xilaskarı Heydər Əliyevdir”.