13 iyun 2022 13:08
1030

Şuşa Bəyannaməsi regionda sülhün və sabitliyin təminatıdır

Tarixə nəzər salsaq görərik ki, Türkiyə Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibədən keçib, hər iki dövlətin qurucularının- Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalq və dövləti yaşadıb, bu gün də yaşadır. Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.” , Mustafa Kamal Atatürkün “ Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə prezdentləri cənab İlham Əliyevin və Rəcəb Tayib Ərdoğanın rəhbərlikləri dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər.

Azərbaycan və Tükiyə hər platformada biri-birilərini müdafiə edirlər.  Ötən ilin 15 iyununda Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlığı daha da möhkəmləndirdi, rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltdi. Təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, müharibədən sonrakı vaxtda da Azərbaycan-Tükiyə dostluq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf etdi.  Ölkə başcısı İlham Əliyevin vurğuladığı kimi “ İki dövlətin arasında bu cür səmimi münasibətlər dünyada nadir rast gəlinən münasibətlərdəndir.”

2021-ci ilin iyunun 15-də Prezident İlham Əliyevin dəvəti ilə qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbyacanın mədəniyyət mərkəzi Şuşa şəhərinə səfəri baş tutdu. Şuşaya edilən bu səfərin iki dost və qardaş ölkə başcılarının məhz burada Qarabağın ürəyi olan Şuşada görüşməsinin böyük mənası var. Şuşada imzalanan bəyannamə Ermənistana və ona havadarlıq edənlərə böyük mesaj oldu. Şuşa Bəyannaməsi hər iki dövlətin vahid siyasi-hərbi mövqedən çıxış etməsini, ölkəmizin ərazi bütövlüyünə təhdid və təhlükə yaranarsa, qarşılıqlı hərbi yardımları özündə əks etdirən vacib sənəd oldu. Şuşa bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasını təmin edir, regionda sülhün və sabitliyin qorunması  üçün vacib amildir. 

Azərbaycan-Türkiyə əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edir, strateji tərafdaşlığımız daha da möhkəmlənir.  

Ruslan Qasımov,
Yeni Azərbaycan Partiyasının üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər birliyinin sədr müavini, 
Qeyd” İB-nin Debat klubunun rəhbəri, Türkiyədə Atatürk Düşüncə Birliyinin fəxri üzvü