13 iyun 2022 12:28
756

15 İyun - Milli Qurtuluşdan böyük Zəfərə doğru

Düz 29 il bundan öncə, tarixin bu günü xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə Qayıdışı ilə müstəqilliyimizi qoruyub saxladı və inkişaf etdirilməsinə nail oldu. Artıq ikinci ildir ki, bu tarixi Qurtuluş Gününü ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət kimi qeyd edirik. Bu yerdə 15 iyun Milli Qurtuluş Günü ilə bağlı Milli Məclisin tarixi qərarından bir məqamı demək istərdim. 15 iyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: «Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi».

15 İyun - Hər birimiz üçün həm tarixi xilaskarlıq, həm də mövcud olma günüdür

Bəli, Milli Məclisin həmin tarixi qərarında deyildiyi kimi, Heydər Əliyev Azərbaycanı, Azərbaycan xalqını məhv olmaqdan qurtarmaq üçün “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” dedi. Bu çətin, ağır bir mərhələ Azərbaycanın bir dövlət kimi, azərbaycanlıların isə bir xalq kimi gələcək mövcudluğu məsələsinin həlli mərhələsi idi. 1991-ci ildən başlayaraq 1993-cü ilin iyun ayına qədər ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq əhvali-ruhiyyəsi güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda Ermənistan silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamilə diqqətdən kənarda qalırdı. Bir sözlə, Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa aparan bir yolda olduqca sürətlə irəliləyirdi. 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin vətəndaş qarşıdurması ərəfəsində olmasının aydın işarəsi idi. Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etdi. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş o vaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbləri qarşısında tab gətirməyərək Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını ondan dəfələrlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi, 1993-cü il iyun ayının 9-da Bakıya gəldi. Dahi Öndər Heydər Əliyevin həmin gün Bakıya dönüşü adi dönüş deyildi. Bu, bir xilaskarın gəlişi idi.

Ümummilli Lider gəlişinin məqsəd və məramını aydın olaraq belə ifadə etmişdi: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm".

1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən ulu öndər Heydər Əliyev bu tarixi məqamda bütün Azərbaycan xalqını vətəndaş həmrəyliyinə dəvət etdi: "Mən rica edirəm, kiçik hissiyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil... Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam". Bu, adi müraciət deyildi, zəngin tarixi və dövlətçilik ənənələri olan, böyük sərkərdələr və dövlət xadimləri yetirmiş qədim bir xalqın ona olan ümidlərini hiss edən bir liderin xalq etimadını doğrultmağın məsuliyyətini dərindən dərk etməsinin aydın ifadəsi idi. Bu, bir siyasətçinin, böyük vətənpərvərin Vətənin ən ağır günlərində milli birliyə, həmrəyliyə, ümumi düşmənlərə qarşı birgə mübarizəyə çağırışı idi. Bu, hər bir kəsə yalnız dövlətin və xalqın mənafeyinə xidmət etmək borcu barədə qəti xəbərdarlıq idi.

Yeni Azərbaycan Partiyası – müstəqilliyimizin bələdçisi

Ulu öndərin ən böyük xidmətlərindən biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. 1992-ci il noyabrın 21-də təsis konfransı 550 nümayəndənin iştirakı ilə keçirilən YAP-ın sıralarında bu gün 800 mindən artıq üzvün birləşməsi Heydər Əliyev siyasətinə dəstəyin ifadəsidir. Yeni Azərbaycan Partiyasının əsas məqsədi, məramı Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycanın inkişafının davamlılığını təmin etməkdir. Fəaliyyətə başladığı dövrdən bu günə qədər YAP tutduğu yola sadiq olmuş, daim Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səy göstərmişdir. Söz və əməl birliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında stimulverici amildir. Partiyaya milyonların sevgisi, dəstəyi şəksizdir. 11 aprel prezident seçkiləri bunu bir daha təsdiqlədi. 2003-cü ildə qələbəsi ilə Heydər Əliyev siyasətinin uğurla davamına yol açan Prezident İlham Əliyev son 19 ildə gördüyü işlərə söykənərək 2008, 2013 və 2018-ci il prezident seçkilərində bir daha qələbə qazanmaqla Azərbaycanın davamlı inkişafını təmin edir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır. Keçirilən hər bir seçki prosesində hədəfini seçdiyi şüarla ifadə edən Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixinin bələdçisidir. Möhtərəm Prezidentimiz partiyanın yaranmasının 25 illiyi münasibətilə keçirilən tədbirdə “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var” söyləyərək bildirmişdir ki, bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır.

1993-cü il 9 İyun - böyük qayidişdan milli qurtuluşa

1993-cü il 9 iyun tarixində böyük QAYIDIŞ baş tutdu. Qədirbilən xalqımız elə həmin gündən öz liderinin ətrafında sıx birləşmək qərarını verdi və müdrik şəxsiyyət 6 gün sonra, daha doğrusu, 15 iyun tarixində Azərbaycan Respublkası Ali Sovetinin Sədri seçildi. Tarixi QAYIDIŞ artıq MİLLİ QURTULUŞLA aydın sabah və parlaq gələcək naminə daha da möhtəşəmlik qazandı. Böyük Heydər Əliyev həmin ilin 24 iyun tarixindən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır. Artıq bütün dünya Azərbaycan dövlətinin rəhbərliyində Heydər Əliyev işığını, idarəçiliyini və Onun xalqla birliyindən doğan gücünü görür və hesablaşmağa məcbur olurdular. Xalqımız böyük Heydər Əliyevin müstəqil və demokratik Azərbaycan dövlətinin başçısı olaraq fəaliyyətini dəstəkləyir və bir an öncə prezident seçkilərinin keçirilməsini istəyirdilər. Buna görə də 1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə ulu öndərimiz xalqımız tərəfindən Azərbaycan Respublikasının Pezidenti seçildi və bu gündən etibarən işıqlı günlərin, aydın sabahın və parlaq gələcəyin siyasi, hüquqi, iqtisadi və sosial əsasları qoyulmuş oldu. Böyük Heydər Əliyevin müdrik rəhbərliyi ilə prezident seçkilərindən cəmi yeddi ay sonra, yəni 1994-cü ilin 12 may tarixindən etibarən torpaqlarımızda başa alıb gedən müharibə atəşkəslə əvəz olundu. Bu isə sonrakı dövrlər üzrə etibarlı islahatların və sosial-iqtisadi inkişafın təmin olunması üçün əlverişli mühitin başlanğıcına çevrildi. Sonrakı proseslərin gedişi göstərir ki, böyük Heydər Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində milli iqtisadiyyat üzrə quruculuq prosesləri bir-biri ilə zəncirvari əlaqədə və asılılıqda olmaqla inkişaf etdi və bir-birini tamamlamaqla reallaşdı. Atəşkəsin əldə olunmasından keçən 4 ay ərzində bütün dünya ölkələri artıq Azərbaycanda sülhün, əminamanlığın və bunun əsasında da etibarlı tərəfdaşlıq mühitinin mövcudluğuna itməz və bitməz inamı və ən başlıcası, bütün bunların dayaq nöqtəsi olaraq böyük Heydər Əliyevin müdrik siyasətinin parlaqlığını gördülər. Müasir müstəqilliyin cəmi üçüncü ilində - 20 sentyabr 1994-cü il tarixində Azərbaycan Respublikası tarixi “Əsrin Müqaviləsi”ni imzalamaqla ABŞ, Rusiya, Türkiyə, Yaponiya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və Norveç kimi ölkələrlə beynəlxalq tərəfdaş oldu. Bu tarixi hadisə özünün qlobal mahiyyəti ilə haqlı olaraq tarixə Heydər Əliyevin neft strategiyası olaraq yazıldı.

Prezident İlham Əliyev: Ona zaman da qalib gələ bilmədi

"...Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi!". Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikirlər zaman keçdikcə öz əhəmiyyətini saxlamaqdadır və saxlayacaqdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Bir çox mötəbər beynəlxalq konfranslara, böyük miqyaslı tədbirlərə ev sahibliyi etmiş Azərbaycanın bu uğurları, məhz Ulu Öndər Heydər Əliyev yolu və bu yolun davamçısı, Qalib Lider, Azərbaycan Prezidenti İlham Əliyev cənablarıdır.

15 İyun təkcə dövlətçiliyimizin xilasi deyildi, həm də 44 günlük müharibədə möhtəşəm qələbənin təməli idi

Bəli, Ulu Öndər Heydər Əliyev 15 iyunda Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, ölkədə sabitliyi təmin etdi, dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. 15 İyun təkcə dövlətçiliyimizin xilası deyildi, həm də 44 günlük müharibədə möhtəşəm qələbənin təməli idi. Və bu gün 19 il prezidentlik fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev qəhrəman Milli Ordumuzun və qədirbilən xalqımızın sayəsində 44 günlük Vətən savaşından tarixi zəfərlə çıxdı.

Bəli, 19 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm",-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Dahi Öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm",-deyərək son 19 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin martın 5-də keçirilən qurultaydakı geniş nitqi çox zəngin və keçilmiş yola verilən qiymətlə, dərin təhlillə səciyyəvi oldu. Dövlət başçısı yüksək intellektual səviyyəsi ilə seçilən proqram xarakterli çıxışı zamanı ölkəmizin son illərdə keçdiyi tarixi yola bir daha nəzər saldı. Bildirdi ki, Azərbaycan bu gün bölgənin və regionun ən qüdrətli ölkələrindən birinə çevrilib: "Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.“Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar» deyərək reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Bəli, bu gün də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Və əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev son 19 illik prezidentlik fəaliyyəti müddətində Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir və uğurlara aparır. Və bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək, Qalib Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməklə, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Və bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri