13 iyun 2022 10:21
1050

Qurtuluşdan başlanan yol sabitliyin və inkişafın təməlini qoydu

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən elə günlər var ki həmin günlər öz əlamətdarlığı ilə xatirələrdə dərin izlər qoyur. Müxtəlif tarixi hadisələrlə zəngin olan belə günlərdən biri də 1993-cü ilin 15 iyun günüdür. Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan bu tarix dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olduğu tarixdir. Bu tarixi yazan isə adı müasir tariximizə qızıl hərflərlə yazılan vətənə, dövlətə məhəbbət, sədaqət rəmzi və parlaq dühası ilə xalqımızın ümummilli liderinə çevrilən görkəmli dövlət xadimi Heydər Əliyev idi. Hər kəsin dəyəri onun yaşadığı zaman kəsiyində göstərdiyi xidmətləri  ilə ölçülür.Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının fədakarlıq simvolu idi.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana 1993-2003-cü illərdə rəhbərlik etmişdir.Böyük öndər 1993-cü ilin iyun ayında ikinci dəfə Azərbaycanın ali rəhbərliyinə qayıdanda ölkəmizdə çox ağır vəziyyət hökm sürürdü. Ayrı-ayrı qüvvələr, nadan, səriştəsiz siyasətçilər Azərbaycanı vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdılar. Belə ağır siyasi, iqtisadi, sosial vəziyyətdə xalq öz böyük oğlu,  dahi siyasətçi Heydər Əliyevə üz tutdu, Onu artıq müstəqilliyini itirməklə üz-üzə qalmış Azərbaycana rəhbərliyə dəvət etdi.Xalqının səsinə səs verən xalqına arxalanan dahi lider Heydər Əliyev Bakıya gələrək özünəməxsus müdrikliklə, yüksək idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti ilə  xaosun, qarışıqlığın qarşısını aldı, Azərbaycanı ahəngdar inkişafa,siyasi sabitliyə, iqtisadi dirçəlişə çıxardı.

Xalqımızın Ümumilli Lideri öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, dərinləşməkdə olan ictimai-siyasi böhranın qarşısını alaraq aradan qaldırdı. Gərginlklər, qarşıdurmalar səngidi,  sabitliyin və inkişafın əsası qoyuldu. Dövlətçiliyimizin inkişaf strategiyası müəyyənləşdi, konsepsiyası yaradıldı. 1997-ci ildən etibarən Milli Qurtuluş Günü Parlamentin qərarı ilə rəsmi bayram günü kimi qeyd olunur.Bütün bunlara görə dahi lider Heydər Əliyevin adı tarixə digər böyük xidmətləri ilə yanaşı ilk növbədə müstəqil Azərbaycanın qurucusu və memarı kimi daxil olmuşdur. Qurtuluşdan başlanan inkişaf yolu ölkəmizdə  sabitliyin möhkəmlənməsi, iqtisadiyyatın çiçəklənməsi, beynəlxalq təşkilatlarla, dünyanın aparıcı dövlətləri ilə sıx əməkdaşlıqların qurulması, əhalinin rifah halının yaxşılaşması istiqamətində əhəmiyyətli addımların atılması ilə yadda qaldı. Ulu Öndər bütün həyatı və fəaliyyəti boyu xalqını özünə arxa sanmış və özü də xalqa dayaq durmuşdur. Xalqımız böyük xilaskarın xidmətlərini heç zaman unutmur.

Bugünkü müstəqil, qüdrətli, güclü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Ümummilli Lider Heydər Əliyevin quruculuq missiyası Prezident cənab İlham Əliyevin qətiyyəti ilə əbədiyaşarlıq qazandı.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri