12 iyun 2022 12:32
1152

Qurtuluş Azərbaycan xalqının xoşbəxtliyidir

Sirr deyil ki, XX əsrin sonunda müstəqillik qazandığımız ilk illər tariximizdəki ən böhranlı illər idi. Müstəqillik qazanmağımıza rəğmən bu müstəqillik tam deyildi. Azərbaycanın idarəçiliyində vahidlik yox idi. Yəni, düşmənlə ölüm-dirim savaşının getdiyi bir vaxtda ölkədə vahid hərbi komandanlıq yox idi. Bunun səbəbi isə hakimiyyət daxilindəki çəkişmələr idi. Vətənpərvər xalq döyüşmək istəsə də, döyüşün vahid mərkəzdən idarə olunmaması və döyüşçülərin taleyinə hökumətin biganəliyi əlavə itkilərə səbəb olurdu. Azərbaycan torpaqları sürətlə işğal altına düşürdü. Eyni zamanda digər sahələrdəki xaos və anarxiya dövlətin varlığını sual altına alırdı. Bu çətin vəziyyətdən ölkəni yalnız bir dahi insan qurtara bilərdi. Missiyası Azərbaycanı bütövləşdirmək, ölkəni xilas etmək olan dahi lider- Heydər Əliyev.

Məhz bu zərurətdən irəli gələrək xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycana xilaskar kimi gəldi. Qısa müddətdə atəşkəs müqaviləsi imzalandı. Burada məqsəd dağılmış ordunu bərpa etmək, hərbi quruculuğu gücləndirmək və hər qarış torpağımızı işğaldan azad etmək idi. Çünki Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv və güclü görmək idi.
Bu ordu quruculuğu nəticəsində güclü Azərbaycan ordusu formalaşdı.

Ümumilli Liderdən sonra isə bu ordunun Ali Baş Komandanı Prezident İlham Əliyev bu işi layiqincə davam etdirdi və qısa zamanda Azərbaycan ordusu dünyanın ən müasir ordularından oldu.  

Bu da öz növbəsində bizi hər gün böyük qələbəyə daha da yaxınlaşdırdı və 44 günlük Vətən Müharibəsində bu ordu öz sözünü dedi. 
Ümumilli liderin ən böyük arzusu-Azərbaycanı bütövləşdirmək, Qarabağı işğaldan azad etmək arzusu yerinə yetdi. Qəhrəman Azərbaycan əsgəri şanlı bayrağımızı Şuşada qaldırdı. 
İşğal altında olan hər qarış torpağımız azad olundu və bu gün o torpaqlarda yenidən həyat var. O torpaqlardan didərgin düşmüş həmvətənlərimiz isə öz doğma torpaqlarına qayıtmağın astanasındadır. 
Bütün bunlardan məntiqi nəticə çıxarmaq olar ki, əgər Ulu Öndər hakimiyyətə gəlməsə idi, Milli Qurtuluş rellaşmasaydı, nəinki torpaqlarımızı işğaldan azad edə bilərdik, hətta bütünlükdə hansısa böyük gücün periferiyası kimi müstəqilliyimizi də itirərdik. 
Məhz, Qurtuluşun mahiyyəti də budur. Qurtuluş Azərbaycan xalqının xoşbəxtliyidir.

Tofiqə Qurbanova,
SOCAR 4 saylı TND-nin əməkdaşı