10 iyun 2022 20:46
714

Xalq qarşısında böyük tarixi xidmət

Bir həqiqətdir ki, hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiya daşıyan dahi şəxsiyyətləri var. Öz xalqlarını milli müstəqilliyə qovuşdura bilən bilən həmin dahilər heç zaman unudulmurlar. Azərbaycanın suveren dövlət kimi qurulması, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev dühası Azərbaycan xalqına dövlət müstəqilliyini yenidən qazandıra bilən əsl xilaskarlıq fenomenidir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

Dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.

Müstəqilliyin ilk illərində dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. Cəmiyyətin fəal zümrəsi olan gənclərin müxtəlif vasitələrlə bu siyasi oyunlara, qanunsuz silahlı qruplaşmalara cəlb edilməsi, məkrli tədbirlərin həyata keçirilməsində “siyasi alət” kimi istifadə olunması meyilləri xüsusən narahatlıq doğururdu. Faktiki olaraq müxtəlif silahlı qruplara bölünən, parçalanan Azərbaycan gəncliyinin enerjisindən o illərdə dövlət və dövlətçiliklə bağlı praktiki məqsədlər üçün deyil, konyunktur maraqlar naminə istifadə edilirdi. Ayrı-ayrı siyasi partiyaların qanunsuz silahlı birləşmələrə malik olmaqla dövlətin o zamankı rəhbərliyinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərini həyata keçirmələri üçün münbit şərait yaranmışdı.

Azərbaycanda xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Qarabağda döyüşmək üçün ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, həbsdən azad edilərək silahlandırılmışdı. 1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın kulminasiya həddinə yetişməsi idi. Faktiki olaraq bəzi xarici qüvvələrin də dəstəklədiyi bu silahlı qiyam Azərbaycanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun faktiki olaraq müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa imkan verdi.

Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik inkişaf dövrünü yaşayır. Çünki cənab prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri