Azərbaycan xalqının böyük təntənə ilə qeyd etdiyi tarixi günlərdən biri də 15 İyun -Milli Qurtuluş Günüdür. Bu gün ən yeni tariximizə Azərbaycanın xilası günü kimi daxil olub. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi oldu və bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Şərəfli və mənalı ömür yolunu müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun dünya ölkələri arasında layiqli yer tutmasına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına həsr etmiş Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gələrkən Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi və iqtisadi sahələrdə Azərbaycan xalqının maraqlarına uyğun siyasət həyata keçirdi.
Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir dövlət xadimi olub. Bu gün Azərbaycanda həyata keçirilən böyük layihələr məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Ulu Öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Ulu Öndərin hakimiyyətə gəlişi Azərbaycanın taleyini kökündən dəyişdi. Heydər Əliyev dövlət müstəqilliyinə qarşı yönəlmiş daxili və xarici təhdidlərin, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması istiqamətində mühüm addımlar atdı. O, bazar iqtisadiyyatı münasibətlərinə keçidin səmərəli mexanizmini formalaşdırmaq üçün dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələrini nəzərə almaqla strateji vəzifələr müəyyən etdi, ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək qabiliyyətinə malik olan Azərbaycan Ordusunun formalaşdırılması yönündə fəal siyasət apardı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu daxili siyasətin nəticəsində milli-mənəvi dəyərlərin, elm, təhsil, mədəniyyət və incəsənətin inkişafında dönüş mərhələsi başladı.
Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir. Azərbaycanın bugünkü inkişaf strategiyasının müəllifi də məhz Ümummilli Liderimizdir. Azərbaycan artıq dünyada iqtisadi inkişafın özünəməxsus modelinə sahib olan ölkə kimi tanınır və qəbul edilir. Postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk dövlət kimi əldə edilən nailiyyət göstəriciləri düşünülmüş, məqsədyönlü siyasətin nəticələridir. Bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən siyasətin düzgünlüyünün real isbatı və daha sürətli inkişafın zəminidir. Bu gün Prezident İlham Əliyev praqmatik və hücum diplomatiyasına söykənən siyasəti uğurla həyata keçirir.
Məhz ordu quruculuğu istiqamətində həyata keçirilən mükəmməl siyasət nəhayət ki, 2020-ci ilin payızında öz bəhrəsini verdi. Belə ki, həmin ilin sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı nəticəsində başlayan müharibədə xalqımız Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi prinsipial və qətiyyətli mövqeyinin bir daha şahidi oldu. 44 günlük tarixi savaşımızda möhtəşəm qələbə qazanaraq işğaldakı torpaqlarımızı geri qaytardıq. Bu, həm də Ulu Öndərin arzu və istəklərinin mükəmməl şəkildə reallaşması idi.
Səfa Ağayev,
YAP İmişli rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir