08 iyun 2022 13:41
1253

Azərbaycanın enerji təhlükəsizliyi siyasəti daim inkişaf edir

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Memarı Ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycan Respublikasının  təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Cari ilin iyun ayının 1-də Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının enerji siyasəti və onun dinamik inkişafının əyani nümunələrindən olan sərginin önəmini vurğulayaraq bildirmişdir: “Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb. Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir.

Göründüyü kimi, bu gün Azərbaycanın enerji təhlükəsizliyi siyasəti uğurla inkişaf edir. Bu gün Cənab Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi enerji təhlükəsizliyi sahəsinə də göstərdiyi xüsusi qayğı və diqqəti nəticəsində Azərbaycan dünya ölkələri araasında özünə layiqli yer tutub. Heç şübhəsiz bu uğurların əldə olunması və inkişaf etdirilməsi əsasən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 Günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər və bundan doğan  regionda yaratdığımız reallıqlarla sıx bağlıdır.

Ülviyyə Əliyeva,

YAP Yasamal rayon təşkilatının məsləhətçisi