08 iyun 2022 03:18
1123

Ermənistan tam sosial-iqtisadi tənəzzülə sürüklənir

Uzun illərdir sosial-iqtisadi problemlər məngənəsində çabalayan Ermənistan 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğradıqdan sonra yeni tənəzzül dövrünə qədəm qoyub. Belə ki, məğlub ölkə ciddi ictimai-siyasi xaosla yanaşı, dərin sosial-iqtisadi böhran dövrünü də yaşayır. Real statistik məlumatlar əsasında, iqtisadçı ekspertlərin hazırladıqları hesabatlarda Ermənistanda 2022-ci ildə sosial-iqtisadi böhranın daha da dərinləşəcəyi faktı təsdiq edilir. 

Bu il ölkədə ərzaq çatışmazlığı ağlasığmaz inflyasiya və həddindən artıq yoxsulluğa gətirib çıxara bilər. Hal-hazırda isə İrəvan uzunmüddətli perspektivdə öz ehtiyaclarını ödəmək, ərzaq təhlükəsizliyi problemini həll etmək üçün ciddi addımlar ata biləcək gücdə deyil.

N.Paşinyana taxıl çatışmazlığı problemi ilə bağlı Ermənistanın parlamentində sual verildikdə, əvəzində başqa məsələdən danışır və mövzudan yayınır. Üstəlik də adəti üzrə suallara cavabında problemi keçmiş hakimiyyətin üzərinə yıxır. Erməni iqtisadçılar ölkədə ərzaq təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirdikləri halda, hökumət təmsilçiləri məsələ ilə maraqlanmadıqlarını, lazımsız başağrılarına ehtiyac duymadıqlarını açıq şəkildə nümayiş etdirməkdən də çəkinmirlər.

Bildirilir ki, Ermənistan artıq xarici investorlar üçün əhəmiyyətini itirib. Beynəlxalq reytinq agentlikləri ölkənin xarici və daxili valyutada uzunmüddətli reytinqini aşağı salıb. Ermənistanın qiymətli kağızlarla bağlı reytinqi də bu qayda ilə endirilib. Bu, son vaxtlar ölkədə iqtisadi reytinqin endirilməsi ilə bağlı artıq üçüncü hadisədir. Ermənistanda iqtisadi inkişaf tempinin azalması və tənəzzüllə bağlı Avropa Bankının proqnozları da buraya əlavə ediləndə, aydın olur ki, artıq bu ölkə xarici investorlar üçün tam maraqsızdır.

Ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə kəskin şəkildə pisləşməsi nəticəsində əhalinin sayı sürətlə azalmağa başlayıb. Məlumat üçün bildirək ki, düşmən ölkədə əhalinin sayının azalması prosesi 1993-cü ildən başlayıb və əgər həmin il Ermənistanda 3 milyon 463 min 700 nəfər yaşayırdısa, hazırda bu rəqəm 2 milyon 980 min 226 nəfər təşkil edir. Yəni, əhali sayı 28 il ərzində təxminən yarım milyon nəfər azalıb və maraqlıdır ki, bu 28 ildə demoqrafik vəziyyətdə heç vaxt stabilləşmə və ya artım müşahidə olunmayıb. Ekspert Ruben Akopyan əhalinin sayının azalmasını 1990-cı ildə ölkədə az uşaq doğulması ilə əlaqələndirib. Lakin əslində ölkə iqtisadiyyatının tənəzzülü, işsizlik problemi, məmurların korrupsiyaya qurşanması və əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması demoqrafik vəziyyətin pisləşməsinin əsas göstəriciləridir.

Göründüyü kimi, sosial sahədə ağır vəziyyət ailələrdə uşaqların sayının azalmasına təsir göstərən başlıca amildir. Erməni ailələri bir və ya iki uşağın dünyaya gəlməsinə üstünlük verirlər. Çünki çoxuşaqlı ailələrdə daha artıq dolanışıq xərcləri tələb olunur. Digər tərəfdən isə ölkədə boşanma hadisələri əvvəlki illərlə müqayisədə 4 dəfə artmışdır. 2020-ci ildə aparılan siyahıyaalmadan aydın olmuşdur ki, qadınların 12 faizi bir uşaq, 29 faizi iki, 20 faizi üç uşaq dünyaya gətirib. Mütəxəssislər ölkə rəhbərliyini yaranmış böhranlı vəziyyəti aradan qaldırmağa çağırırlar.

Beləliklə, bütün faktlar və göstəricilər düşmən ölkədə vəziyyətin get-gedə daha da kəskinləşdiyini göstərir ki, bununla da qarşıdakı dövr ərzində Ermənistan daha da böyük fəlakətə sürüklənə bilər.

Mənsumə Babayeva, “İki sahil”