07 iyun 2022 23:47
921

Faşistlərlə paşistlərin meydan davası

Qərbin Zəngəzur dəhlizinin açılmasında israrlı olması erməniləri qorxuya salıb

Bu gün Azərbaycan dövlətinin bölgədəki  hərbi-siyasi  üstünlüyü  Zəngəzur dəhlizinin reallaşması üçün yeni imkanlar yaradır. Məlum faktdır ki, bu dəhliz region dövlətlər ilə yanaşı, beynəlxalq siyasi-iqtisadi mərkəzlərin də maraq dairəsinə daxildir. Ona görə də Ermənistanın Zəngəzur dəhlizini əngəlləmək imkanları tükənir. Xüsusilə dəhlizin reallaşdırılmasında Azərbaycan və Türkiyə ilə bərabər,  Avropa və Asiya ölkələri də öz iqtisadi maraqları çərçivəsində israr edirlər.

Ekspertlər isə bu qənaətdədirlər ki, Avropa və Asiyanı Zəngəzur dəhlizi üzərindən əlaqələndirmək mümkün olarsa, bu marşrutun illik iqtisadi-ticari dövriyyəsi 3-5 trilyon dollar arasında dəyişə bilər. Xüsusilə də Rusiya -Ukrayna savaşına görə o bölgədə məhdudlaşdırılan ticarət marşrutlarının yerini Zəngəzur dəhlizi tuta bilər ki, bu da Avropa və Asiya dövlətləri üçün  strateji əhəmiyyət daşıyacaq.

Bu gün Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı küçə etirazları davam edir. Ona görə ki, Qərbin Zəngəzur dəhlizinin açılmasında israrlı olması erməniləri qorxuya salıb. Təbii ki, bütün bunlar Ermənistan cəmiyyətindəki revanşist təbliğatın acı nəticəsidir. Bəzi müasir düşüncəli erməni ziyalıları bu etiraz mitinqlərini  faşistlərlə (onlar «Qarabağ klanı»nının liderləri Robert Koçaryanla və Serjik Sarkisyanı faşistlər adlandırırlar) paşistlərin ( yəni Nikol Paşinyanın tərəfdarlarının)  meydan davası adlandırırlar.

İşğalçı Ermənitstanın bəzi başıpozuq siyasətçiləri isə hələ də 44 günlük müharibədəbiabırçı məğlubiyyətin təsirindən çıxa bilmirlər. Ona görə də onlar hətta gələcəkdə Ermənistanın inkişaf perspektivlərinə müsbət təsir edə biləcək  iqtisadi addımlara da şübhə ilə yanaşırlar. Əsas iddiaları ondan ibarətdir ki, əgər  Zəngəzur dəhlizi açılarsa, Ermənistanın cənub bölgəsi Azərbaycan və Türkiyənin iqtisadi nəzarəti altına keçə bilər.

Xüsusilə sonuncu Brüssel görüşündən sonra revanşistlər bu məsələni Paşinyan hakimiyyətinə qarşı əsas antitəbliğat mövzusuna çeviriblər. Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətinin mövqeyini nəzərə almadan Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdə ittiham olunur və onun bu addımı Ermənistanın maraqlarına xəyanət kimi dəyərləndirilir. Ona görə də Ermənistan rəsmiləri  Zəngəzur dəhlizinə görə üzləşdikləri ittihamlara izahat vermək məcburiyyətində qalıblar. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, bu mövzuda Paşinyan hakimiyyətinə qarşı irəli sürülən ittihamlar uydurma və əsassızdır. Onun dediyinə görə, Zəngəzur dəhlizi revanşistlərin təsəvvür və təbliğ etdiyi qədər də Ermənistanın ziyanına deyildir: «Bu marşrut necə adlanmasından asılı olmayaraq, yalnız Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirməyəcək. Həm də Ermənistanın şimal hissəsinin Naxçıvan üzərindən cənub bölgəsi ilə daha asan nəqliyyat-kommunikasiya əlaqəsi yaratmasına imkan verəcək».

Təbii ki, Zəngəzur dəhlizi ilə bağlı prosesin hərəkətə gətirildiyi artıq inkaredilməz reallıqdır. Əvvəldə də qeyd etdiyimiz kimi,  nə revanşist erməni müxalifəti, nə də Paşinyan hakimiyyəti bu proseslərə əngəl olmaq imkanlarına malik deyillər. Yəqin ki, yaxın gələcəkdə ermənilər bu reallıqla barışmalı olacaqlar. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel görüşündən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu mövzunu dəfələrlə müzakirə etməsi də Zəngəzur dəhlizinin açılması ehtimalının ciddiləşdiyini göstərir.

Elçin Zaman, «İki sahil»