1993-cü il 15 iyun dövlətçiliyimizin iflasa uğrama təhlükəsindən xilas tarixi kimi yeni bir dövrün başlanğıcıdır. 1991-ci il 18 oktyabr tarixində “Müstəqillik Aktı”nın qəbul edilməsinə baxmayaraq cəmi 1 il yarım ərzində Azərbaycan dərin siyasi-iqtisadi böhranla üzləşdi. Tarixin müxtəlif dönəmlərində olduğu kimi bu zaman da daxili çəkişmələrin və bundan istifadə edən xaricdəki məkrli qüvvələrin əməlləri nəticəsində dövlətçiliyimizə çox ağır zərbələr vurulmuşdu. Növbəti belə vəziyyət XX əsrin 90-cı illərində Azərbaycanın bölüşdürülməsi və onun bir dövlət kimi tarix səhnəsindən silinməsi planının davamı idi. Ona görə ki, müstəqilliyimizin və milli birliyimizin sarsıldığı tarixi bir məqamda Heydər Əliyev dühası xalqını xilas etmək missiyasını yerinə yetirməklə öz taleyini Azərbaycan xalqının canı qanı bahasına əldə etdiyi müstəqilliyinin qorunmasına həsr etdi.
Xilaskarlıq missiyası
Əbəs deyil ki, bu hadisə haqqında danışarkən, 15 iyunun Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazıldığı xüsusilə vurğulanmaqdadır. Çünki kimsəyə sirr deyil ki, ulu öndər Heydər Əliyevin qayıdış ərəfəsi ölkə idarəolunmaz bir həddə çatmışdı. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Belə çətin məqamda bbir liderə ehtiyac var idi. Respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə «SƏS» qəzeti vasitəsi ilə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Əvvəlcə buna razılıq verməyən Ulu Öndər Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Çavabı da «SƏS» qəzetində dərc olundu. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.Ümummilli Lider Heydər Əliyevin siyasi rəhbərliyə ikinci qayıdışı çətin anlara təsadüf edilir. Belə ki, 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.
1993-cü il iyunun 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidi və tələbi ilə Bakıya qayıdıb, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi tarixi missiyasını həyata keçirməyə başlayıb. Belə bir vəziyyətdə o zamankı hakimiyyət Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu, xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ümummilli Liderimiz Bakıya qayıtdı.
Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə ölkənin həyatında yeni bir ab-hava yarandı. Həm ölkəmiz dünyanın siyasi mənzərəsində öz yerini müəyyən etdi, həm Azərbaycan bir çox beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurasının tam hüquqlu üzvü oldu, həm də ölkənin iqtisadi həyatı dirçəlməyə başladı. Xarici iqtisadi sərmayələrin ölkəyə axını məhz o böyük şəxsiyyətin yaratdığı stabillik sayəsində mümkün oldu. Əsrin ən böyük layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz o böyük şəxsiyyətin iştirakı ilə qoyulmuşdu.
Ulu Öndər həmişə bildirirdi ki, iqtisadiyyatı güclü olmayan dövlət öz yerini müəyyən edə bilməz. İqtisadiyyatın bütün sahələri kimi dəmir yolunda da bu illər ərzində bir çox nəhəng işlərin görülməsi məhz onun qayğısı və nəzarəti sayəsində mümkün olmuşdu. Bəli, böyük siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə yenidən qayıtması tarixi bir şans idi. Biz hamımız yaxın tarixin həm müşahidəçiləri, həm də iştirakçılarıyıq. Bu hadisələr bizim gözümüzün qarşısında baş verib. Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtmaqla, əslində, ölkəmizi sürükləndiyi uçurumdan xilas etdi. Bir tərəfdən xarici düşmənlə üz-üzə qalan ölkəmiz, eyni zamanda daxildəki səriştəsiz rəhbərlərin ucbatından biganəlik burulğanına yuvarlanmışdı.Bu gün isə Prezidenti cənab İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir. Bu gün Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxıb. Artıq Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayır. Əlbəttə ki, bütün bunların əsasında Ulu Öndərin hakimiyyətə qayıdışı ilə başlayan Milli Qurtuluş dayanır. Bütün münalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Bu gün məhz Ulu Öndər Heydər Əliyevin siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı «Dəmir yumruq» siyasəti 30 il düşmən əsarətində olan torpaqlarımız 44 gün davam edən İkinci Vətən Müharibəsini Qələbə zəfəri ilə başa vurdu, ərazi bütgvlüyümüz bərpa olundu, haqq, ədalət qalib gəldi. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz əbədi oldu və bu gün Azərbaycan 104 illiyini qeyd etdiyimiz Cümhuriyyətimizin taleyini yaşamadı. Azərbaycanın tarixinə Zəfər Gününün yazılması bu yolun uğurlu davamının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyinin təqdimatıdır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir